Azərbaycan və Avropa Birliyi arasında əlaqələr yüksək səviyyədədir. Trend in xəbər verdiyi kimi, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Bakıda AB "Üçlüyü"nün nümayəndə heyətini qəbul edərkən bəyan edib.
Dövlətimizin başçısı Avropa missiyasının səfərinin çox əhəmiyyətli və AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu bildirib. "Biz müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik", - deyə İ. Əliyev əlavə edib. Eyni zamanda, o qeyd edib ki, Avropanın Qonşuluq Siyasəti bütün regiona sülh və inkişaf gətirəcək və Avropa Birliyi ilə Cənubi Qafqaz münasibətlərinin inkişafında faydalı olacaq.
Missiyanın rəhbəri, Finladiyanın xarici işlər naziri Erkki Tuomioya Azərbaycanda qonşuluq siyasətinin fəaliyyəti barədə müzakirələr aparıldığını bildirib. Bakıya səfərinin çox səmərəli olduğunu vurğulayan qonaq ümidvar olduğunu bildirib ki, qonşuluq siyasəti regionda münaqişələrin həllinə töhfələr verə biləcək. "Biz münasibətlərimizin təkcə iqtisadi baxımdan deyil, həm də davamlı siyasi dialoq və əməkdaşlıq çərçivəsində dərinləşəcəyinə ümid edirik", - deyə Tuomioya əlavə edib.