...

Azərbaycan hökuməti və Dünya Bankı İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsini imzalayıblar

Siyasət Materials 5 Oktyabr 2006 19:38 (UTC +04:00)
Azərbaycan hökuməti və Dünya Bankı İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsini imzalayıblar

Azərbaycan hökuməti və Dünya Bankı bu gün İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi üzrə Maliyyələşdirmə Sazişini imzalayıblar. Trend in xəbər verdiyi kimi, saziş Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və bankın Azərbaycan üzrə ölkə meneceri Qreqori Yeceyçak tərəfindən imzalanıb.

İmzalanma mərasimində bankın ölkə meneceri bildirib ki, adıçəkilən layihənin imzalanması fermerlərin gəlirlərinin və kənd təsərrüfatı müəssisələrində məhsudldarlığın artmasına xidmət edəcək.

Onun sözlərinə görə, layihənin ümumi məbləği $58 mln. təşkil edir ki, onun da $30 mln-u DB kreditlərinin payına düşür. Bu zaman $20,5 mln. vəsait Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA), $8 mln. isə BİA-nın sərtləşdirilmiş şərtləri əsasında ayrılacaq. Bu vəsaitlərin də 10 il ödəniş möhləti olmaqla 35 il müddətinə, amma libor-2% dərəcəsi ilə (hazırda illik 3%) ayrılması nəzərdə tutulub.

Layihənin qalan hissəsi Yaponiya qrantı ($1,6 mln.) hesabına, birinci fazası çərçivəsində yaradılmış revolver fondu ($9,6 mln.) və hökumətin vəsaitləri ($7,8 mln.) hesabına maliyyələşdiriləcək.

Layihə iki komponentdən ibarətdir. Birinci komponentin dəyəri $42 mln. təşkil edir və o, kənd təsərrüfatı biznes xidmətləri üçün nəzərdə tutulub. Q. Yeceyçakın sözlərinə görə, həmin komponent çərçivəsində Azərbaycan bölgələrində maliyyə xidmətlərinin, xüsusən proqramın birinci fazası çərçivəsində yaradılmış kredit ittifaqlarının gücləndirilməsi nəzərdə tutulub. Həmçinin, yerli bankların potensialının gücləndirilməsi, lizinq şirkətlərinin, informasiya və marketinq xidmətlərinin dəstəklənməsi nəzərdə tutulub. Bunun üçün texniki yardımın ayrılması gözlənilir.

$14 mln. dəyərində olan ikinci komponent kənd təsərrüfatında istehsalın və məhsuldarlığın artırılmasını, məsləhətləşmə üzrə xidmətlərin genişləndirilməsini, veterinar xidmətlərdən istifadə imkanlarının gücləndirilməsini, yeni kənd təsrrüfatı texnologiyalarının tətbiqini nəzərdə tutur.

Bankın ölkə meneceri əmindir ki, layihənin ikinci mərhələsi, birincidəki kimi, uğurlu olacaq.

Kənd təsrrüfatı naziri həmçinin hesab edir ki, adıçəkilən layihə ölkənin aqrar sektorunun davamlı inkişafına yardım edəcək. Onun sözlərinə görə, layihənin gerçəkləşdirilməsinə 2007-ci ilin əvvəlində başlanacaq və o, 4 il müddətinə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti