Azərbaycan müstəqillik qazandıqdan sonra bütün seçkilər şəffaf və demokratik keçirilib. Bu barədə Trend ə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin üzvü Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsinə münasibət bildirərkən qeyd edib.
Onu da bildirək ki, AVP bu seçkilərdə 40 namizədlə iştirak edir. Partiya sədri qeyd edib ki, namizəd olan bütün seçki məntəqələrində müşahidəçi var: "İndiyədək alınan məlumata görə seçkilər normal keçirilir, heç bir qanun pozuntusuna rast gəlinməyib. Ümumiyyətlə, partiyamız keçirilən bütün seçkilərdə iştirak edib. Ona görə deyə bilərəm ki, Azərbaycan müstəqillik qazandıqdan sonra keçirilən bütün seçkilər demokratik və şəffaf olub".
Partiya sədri onu da vurğulayıb ki, bütün bunlara baxmayaraq oktyabrın 6-da keçirilən seçkilərdə hələlik seçicilərin fəallığı aşağıdır.