...

Prezident: Ermənistandan başqa, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Siyasət Materials 11 Oktyabr 2006 20:39 (UTC +04:00)

"Regionda sülhün və təhlükəsizliyin bərqərar olması bizim maraqlarımızdadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlıca təhlükə mənbəyidir. Bu münaqişə regionda sabitliyin pozulmasına səbəb ola bilər. Və regional əməkdaşlıq üçün böyük maneədir". Bunu bu gün Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfərinə həsr edilmiş mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunması üçün müxtəlif tədbirlər görülə bilər. "Biz Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsindən danışırıq. Lakin Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaradılması və ya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi danışıqlar predmeti olmayıb və olmayacaq da", - deyə İlham Əliyev bildirib.

"Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan torpağıdır. Biz tələb edirik ki, BMT-nin bu məsələ ilə bağlı dörd qətnaməsi icra olunsun və erməni işğalçı qüvvələri işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etsinlər. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətindən əziyyət çəkmiş qaçqınlar evlərinə qayıtsın və etnik təmizləmənin nəticələri aradan qaldırılsın. Və bu məsələ beynəlxalq hüquq normalarına uyğun öz həllini tapsın", - deyə İlham Əliyev bildirib.

"Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır. Və tələb edir ki, Azərbaycanın da ərazi bütövlüyü tanınsın. Deyə bilərəm ki, Ermənistandan başqa, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan BMT-yə üzv olduğu zaman bu üzvlüyü Dağlıq Qarabağla birgə alıb. Ona görə də bu məsələ yalnız hüquqi çərçivədə həll oluna bilər", - deyə Azərbaycan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti