...

"Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib

Siyasət Materials 13 Oktyabr 2006 18:29 (UTC +04:00)

"Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib. Trend xəbər verir ki, Milli Məclisin oktyabrın 13-də keçirilən iclasında millət vəkilləri adıçəkilən sənədin qəbuluna səs veriblər.

Onu da bildirək ki, adıçəkilən qanun layihəsi millət vəkilləri arasında geniş müzakirə obyekti olub. Qanun layihəsi hüquqi və fiziki şəxslərin əmlakının mühafizəsini təmin etmək məqsədilə hazırlanıb. Müzakirələrdən sonra dövlət quruculuğu və hüquq siyasəti məsələləri daimi komissiyasının sədri Əli Hüseynov millət vəkillərinin sənədlə bağlı rəy və təkliflərinə münasibət bildirib. Qeyd edib ki, hüquqi dövlət quruculuğunun öz qanunları, bazar iqtisadiyyatının isə öz qanunları var: "Məqsədimiz günün reallığına çevrilən sahibkarlıq fəaliyyətini qanuniləşdirməkdir".

Ə.Hüseynov qeyd edib ki, mahiyyət baxımından özəl mühafizə xidməti dövlət mühafizə xidmətinə alternativ olaraq yaradılmır. Komissiya sədri bu məsələdə də rəqabətin olmasını bildirib: "Bu xidmətdə ancaq mülki silahdan istifadə olunacaq. Özəl mühafizə fəaliyyəti ilə detektiv fəaliyyətini birləşdirmək isə hələlik gündəmdə olmamalıdır".

Komissiya sədri hüquqi şəxslərə mühafizə bölməsini yaratmaq səlahiyyətinin verilməsinin müzakirə olunacağını bildirib. Qeyd edib ki, sənədin ikinci oxunuş üçün qəbulunun müzakirəsində millət vəkillərinin təklifləri nəzərə alınacaq.

Millət vəkilləri günün ikinci yarısında "Dövlət borcu haqqında" qanun layihəsini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti