"Azərbaycan İslam Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkisində mütləq iştirak edəcək. Bu məqsədlə partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq, əgər məqsədimizə nail olmasaq, məhkəmə instansiyalarından keçəcəyik". Bu fikirləri Trend ə İslam Partiyasının sədri Hacıağa Nuri bildirib.
O qeyd edib ki, İslam Partiyasının növbəti - 6-cı qurultayının keçirilməsi, qurultayda Nizamnaməyə dəyişikliklər edilməsi üçün "Siyasi partiyalar haqqında" qanuna Milli Məclisdə əlavə və dəyişikliklər edilməsini, yəni, qanunun yenidən qəbulunu gözləyirlər. Əgər həmin qanunun parlamentdə müzakirələri gecikərsə, məsələn, gələn il baş tutarsa, o zaman İslam Partiyası da qurultayını gələn ilə qədər təxirə salacaq. Lakin islamçılar ən geci gələn ilin yanvar-fevral aylarına qədər gözləyəcəklər.
"Qanunun qəbul edilməsini ən geci yanvarın sonu, fevral ayına qədər gözləyə bilərik. Çünki qurultayı gecikdirmək olmaz, partiyada qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələlərə münasibət bildirilməli, qərar çıxarılmalıdır. Bizim partiya prezident seçkilərində iştirak edəcək və buna görə də növbəti qurultayımızın sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcəyik, əgər yenə də qeydiyyata almasalar, Avropa Məhkəməsinə qədər şikayət edəcəyik. Seçkidə iştirak naminə lazım olan bütün hüquqi proseduralardan keçəcəyik"-deyə H.Nuri bilidrib.
O əlavə edib ki, İslam Partiyası prezident seçkilərində həm öz namizədi ilə iştirak edə, həm blok şəklində vahid namizədi, həm də başqa bir şəxsin namizədliyini müdafiə edə bilər. Bu məsələlər partiyanın 6-cı qurultayında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, İslam Partiyası 1991-ci ildə yaranıb, 1992-də dövlət qeydiyyatına alınıb. 1993-cü ildə siyasi partiyaların yenidən qeydiyyatdan keçmə mərhələsində AİP-in qeydiyyatı dayandırılıb.