Noyabrın 8-də Azərbaycanda ilk dəfə olaraq Polşa Milli sərgisi (Poland Expo) Bakıda öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, sərgi noyabrın 10-dək davam edəcək.
Sərgi Polşa Respublikası Senatının spikeri Boqdan Boruseviçin, o cümlədən bu ölkənin iqtisadi inkişaf naziri Pyotr Qjeqoja Voznyakın hamiliyi altında keçir. Sərginin açılışında Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev iştirak edib.
Sərgidə yeyinti sənayesi, tikinti, platik kart, aksiz marka, şüşə qab, mülki sənaye üçün maşın, avadanlıq, vertolyot, mebel istehsalı, neft, qaz və su sahələrində xidmət üzrə 45 şirkət təmsil olunub.
Sərginin təşkilatçısı sahibkarlıqla məşğul olan ölkə subyektlərini birləşdirən Polşa Təsərrüfat Palatasının Yardım Mərkəzidir. Sərginin həmtəşkilatçısı isə ən yaxşı Polşa firmalarını təmsil edən Həvəsləndirmə Nişanı Fondudur. Sərgi Polşanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Polşa sahibkarları Azərbaycanla yeni əlaqələrin qurulmasında çox maraqlıdır. Azərbaycan-Polşa hökumətlərarası iqtisadi komissiyanın ilk iclası ilə əlaqədar cari ilin sentyabrında keçirilmiş iqtisadi forumda 100-dən çox Polşa firması iştirak edib. Forum iştirakçıları qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının potensialını müsbət qiymətləndirib. 2005-ci ildə MDB ölkələri arasında Rusiya və Qazaxıstanla bərabər ən yüksək iqtisadi artıma nail olmuş Azərbaycan polşalı sahibkarlar üçün ən iri xarici sərmayələrin cəlb olunduğu ərazidir. Polşalı sahibkarlara məlumdur ki, ölkənin iqtisadi inkişafı həm sabit siyasi vəziyyətin, həm də aparılan bazar islahatlarının nəticəsidir.