...

Baş Konsul: "Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyanın 27-ci sessiyası və digər iclaslar səmərəli keçdi"

Siyasət Materials 18 Noyabr 2006 13:55 (UTC +04:00)
Baş Konsul: "Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyanın 27-ci sessiyası və digər iclaslar səmərəli keçdi"

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının 27-ci sessiyası və bu çərçivədə keçirilən digər iclaslar başa çatıb. Görüşlər barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, MDB Parlamentlərarası Assambleyasının 27-ci sessiyası işinə noyabrın 16-da başlayıb. Assambleyanın Plenar iclasında MDB dövlətlərinin parlamentləri arasında əməkdaşlığın 15 illiyi barədə müzakirələr aparılıb, əməkdaşlığın bugünkü səviyyəsi, həmçinin çatışmazlıqlar barədə danışılıb, gündəliyə daxil edilmiş qanunlardan 12 model qanunla bağlı müzakirələr aparılıb. 27-ci iclasda MDB ölkələrinin parlament sədrləri, o cümlədən də Azərbaycan Respublikası Milli Məclisinin spikeri Oqtay Əsədov çıxış ediblər.

Həmin gün plenar iclasdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın parlament sədrlərinin iştirakı ilə "Qafqaz dördlüyü"nun iclası keçirilib. Bu iclas media nümayəndələrinin iştirakı olmadan qapalı keçirilib: "Dörd ölkənin parlament rəhbərləri Qafqazda gedən proseslər barədə müzakirələr aparıblar. Mənim bildiyimə görə, bu görüşdə hər hansı bir qərar, yaxud bəyanat qəbul edilməyib. Görüşdən sonra spikerlər media nümayəndələri qarşısında belə açıqlama verdilər ki, müzakirələr çox yaxşı keçdi və belə görüşlər tez-tez olmalıdır. Çünki ən azı ayrı-ayrı problemlərin müzakirəsinə imkan yaradır, hər ölkənin parlament rəhbəri öz problemlərindən danışa bilir. Həmin görüşdə çox güman ki, Gürcüstan-Rusiya münasibətləri də müzakirə olunub. Çünki Gürcüstanın parlament sədri belə fikir səsləndirdi ki, əgər MDB dövlətləri bu problemə biganə yanaşırsa, bu qurumun yaşamaq haqqı varmı? Ümumilikdə "Qafqaz dördlüyü"nün toplantısında hər hansı qərarlar qəbul edilməyib"-deyə Qüdsi Osmanov bildirib.

Baş Konsul qeyd edib ki, MDB ölkələri hüquq-mühafizə orqanları rəhbərlərinin elmi-praktiki konfransı keçirilib, burada Azərbaycan daxili işlər nazirinin müavini Vilayət Eyvazov çıxış edib. O, Azərbaycanda terrorizmə, qeyri-leqal miqrasiyaya qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib. Milli təhlükəsizlik nazirinin icraedici müavini Əli Şəfiyev də çıxışında terrorizmə qarşı mübarizə haqda, Rusiya və digər MDB ölkləri ilə bu sahədə əməkdaşlıq barədə danışıb, həmçinin Azərbaycanda ayrı-ayrı vaxtlarda törədilmiş terror aktları barədə iştirakçılara məlumat verib.

Dünən - noyabrın 17-də isə MDB Parlamentlərarası Assambleyanın hüquq-mühafizə orqanları ilə birgə geniş iclası olub. Orada da Vilayət Eyvazov çıxış edərək ölkəmizdə bu sahədə görülən tədbirlər haqda məlumat verib. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini də çıxışında bu sahədə aparılan islahatlar, sərhədlərdə qeyri-qanuni daşınmalara qarşı görülən tədbirlər barədə danışıb. Dəyirmi masada iştirak edən Azərbaycan Dövlət Sərhəd Xidmətinin baş komandanı Elçin Quliyev, onun müavini Fərhad Tağıyev, həmçinin Baş Prokrorluğun idarə rəisi və digərləri fikirlərini bildiriblər.

Noyabırn 17-də MDB ölkələrinin parlamentlərarası Assambleyasının, hüquq-mühafizə orqanlarının iclasları başa çatıb. Q.Osmanov bildirib ki, bu kimi bütün görüşlər və müzakirələr həmin dövlətlər üçün səmərəlidir. Çünki ölkələr arasında əlaqələrin, əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır: "MDB ölkələrində, o cümlədən Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır, xeyli sayda qeyri-leqal məskunlaşanlar var. Azərbaycanın Rusiya ilə münasibətlərinin yüksək səviyyədə olması burada yaşayan azərbaycanlıların qarantıdır, onlar üçün normal şərait yaradılması baxımından çox əhəmiyyətlidir".

Dünən - noyabırn 17-də MDB ölkələrinin parlamentlərarası Assambleyasının, hüquq-mühafizə orqanlarının iclasları başa çatıb. Qeyd edək ki, MDB Parlamentlərarası Assambleyasının iclaslarında Azərbaycan Respublikası Milli Məclisinin spikeri Oqtay Əsədov, parlamentin Regional Məsələlər Daimi Komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Rövşən Rzayev və Azər Əmiraslanov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti