Azərbaycan Türkiyədən "Şahdəniz" layihəsinin həyata keçirilməsini bir il təxirə salmağı xahiş edib. Trend "Zaman" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin BOTAS şirkətinin nümayəndələri bildirib ki, Azərbaycan tərəfinin bu addımı atmasının səbəbi "mavi yanacağın" yüksək qiymətlə Türkiyə bazarına tədarük edilən həcmini azaltmaq niyyətində olmayan Rusiyanın mövqeyi ilə bağlıdır.
"Azərbaycan tərəfinə bildirilib ki, Türkiyəyə 1 kubmetri 120 dollar olan qaz tədarükü başlayarsa, Rusiyadan Azərbaycana ixrac olunan "mavi yanacağın" qiyməti 230 dollar təşkil edəcək. Bu məsələnin həllini tapmağa çalışan Bakı vaxtın uzadılmasını xahiş edib", - deyə şirkətdən bildirilib və əlavə edilib ki, bu məsələ yaxın günlərdə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyində keçiriləcək xüsusi iclasda müzakirə ediləcək.
Məlumata əsasən, Azərbaycan tərəfi 3 milyard kubmetr qaz tədarük etməyi təklif edib. Bu qaz razılaşmaya əsasən Türkiyəyə 2007-ci ildə, həmin qiymətlə də 2008-09-cu illərdə ixrac olunmalı idi. Lakin Türkiyə şirkəti nümayəndələrinin sözlərinə görə, sazişin şərtlərinin dəyişdirilməsi yalnız ölkə hökümətinin fərmanından sonra mümkün olacaq, əks halda, şirkət sazişin şərtlərinin icra edilməsində təkid edəcək.