Noyabrın 18-19-da Ciddədə (Səudiyyə Ərəbistanı) İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirlərinin İcra komitəsinin fövqəladə toplantısı keçirilib. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Forumda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib. İclas İsrailin fələstinlilərə qarşı təcavüzünə həsr olunub. Səudiyyə mətbuat agentliyinin (SPA) məlumatına əsasən, İKT-nın baş katibi Əkmələddin İhsanoğlu forumda çıxış edərkən, İsrailin fələstinlilərə qarşı ədalətsiz blokadasını geri götürməsini tələb edib. O, Yaxın Şərqdə beynəlxalq qanunvericilik, "sülh üçün yer" prinsipi və Ərəb sülh təşəbbüsünə əsaslanmış hərtərəfli sülhə nail olmaq üçün beynəlxalq konfransın keçirilməsi ilə bağlı çağırışı bərpa edib. Görüşün yekunu üzrə verilən bəyanatda İcra komitəsi Fələstin xalqının mübarizəsinə hərtərəfli dəstəyi və onların İsrail təcavüzkarlığı qarşısında əyilməzliyinə hərtərəfli dəstəyi vurğulayıb. İsraili işğal olunmuş Fələstin torpaqlarını tərk etməyə məcbur etmək üçün nazirlər BMT Təhlükəsizlik Şurasını əməli tədbirlər görməyə çağırıb.