Kanada Parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Qrupu yaradılıb. Bu barədə Trend ə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.
İclası açan Liberal Partiyanın nümayəndəsi xanım Yasmin Ratansı iki ölkənin tarixində ilk dəfə belə bir qrupun yaradılmasının vacibliyini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, Kanada və Azərbaycan parlamentlərinin əməkdaşlığına təkan verən bu qrup iki ölkə arasında həm siyasi, həm də ticarət, mədəniyyət və elm əlaqələrinin genişlənməsinə kömək edəcək.
Azərbaycanın Kanadadakı səfiri F.Qurbanov çıxışında parlamentlərarası əməkdaşlığın Kanada-Azərbaycan münasibətlərinin inkişafı üçün faydalı olacağını qeyd edib. Səfir Kanadanın idarəetmə təcrübəsinin öyrənilməsini, ölkələrarası siyasi, iqtisadi və mədəniyyət əlaqələrinin dərinləşdirilməsini əməkdaşlıq prioritetləri kimi səciyyələndirib.
Parlament qrupunun işinə digər partiyaları təmsil edən millət vəkilləri də daxil olub.
Qrupun sədri millət vəkili Yasmin Ratansi seçilib.