...

Azərbaycan parlamenti 2007-ci il üçün dövlət büdcəsinin proqnozlarını təsdiq edib

Siyasət Materials 28 Noyabr 2006 18:51 (UTC +04:00)
Azərbaycan parlamenti 2007-ci il üçün dövlət büdcəsinin proqnozlarını təsdiq edib

Bu gün Azərbaycan parlamenti 2007-ci il üçün dövlət büdcəsi layihəsini qəbul edib. Trend xəbər verir ki, layihə 95 "lehinə", 3 "əleyhinə" səslə qəbul olunub.

Maliyyə naziri Samir Şərifov deputatlara büdcə proqnozlarında baş vermiş dəyişikliklər barədə məlumat verib. Onlar çox da böyük deyil və dövlət büdcəsinin gəlir və xərc hissəsinin ümumi göstəricilərində əks olunmayıb.

Ümumilikdə büdcənin gəlir hissəsi 5 mlrd. 336 mln. manat həcmində təsdiq olunub, bu isə 2006- cı ilin proqnozlarından 1,5 mlrd. manat çoxdur. 2007-ci ildə neft sektorunun hesabına Azərbaycan gəlirlərinin 56%-i təmin olunacaq.

Azərbaycanın ÜDM-i 22,2 mlrd. manat həcmində gözlənildiyi halda, neft sektorunda ümumi məhsulun artımı təxminən 45%, qeyri-neft sektorunda - 9% təşkil edəcək.

ÜDM-in artım templərinə görə, neft sektorunun qeyri-neft sektorunu 5 dəfə qabaqlamasına baxmayaraq, büdcə gəlirlərində neft sektorundan daxilolmaların artımı qeyri-neft sektorundan gəlir artımını yalnız 1,5 dəfə qabaqlayır.

2007-ci ildə büdcə gəlirlərinin artımı dolayı vergilərin yığılması üzərində nəzarətin gücləndirilməsi və onların hesablanması sisteminin təkmilləşdirilməsi, sadələşdirilmiş verginin tətbiq sahəsinin genişləndirilməsi hesabına təmin olunacaq. O cümlədən ölkə bölgələrində vergilərin yığılacağı gözlənilir.

Mənfəət vergisindən daxilolmalar 76%, sadələşdirilmiş vergidən daxilolmalar - 69,6%, torpaq vergisindən daxilolmalar - 48,3%, gəlir vergisindən daxilolmalar - 38,4%, aksizlərdən daxilolmalar- 30,5%, ƏDV-dən daxilolmalar - 29,2% artacaq.

Vergilər Nazirliyi 3,98 mlrd. manat vergi və rüsumların və ya bütün gəlirlərin 74,6%-nin yığımını təmin edəcək. Gömrük orqanları bütün büdcə gəlirlərinin 11,8%-ni və ya 630 mln. manatı təmin edəcəklər. Qalan hissəni digər gəlirlər təşkil edəcək.

Büdcə xərcləri ilk dəfə məqsədli proqramlar əsasında paylaşdırılıb və büdcə yaradılarkən onun sosial və investisiya yönümlülüyü nəzərə alınıb.

Dövlət büdcəsinin çıxar hissəsi 5714,7 mln. manat məbləğində xərclər səviyyəsində təsdiq olunub. Dövlət büdcəsinin sosial xərcləri 2163,4 mln. manat və ya 47% artımla bütün büdcə xərclərinin 37,9%-ni təşkil edəcək. Səhiyyə sahəsinə xərclərin artımı 47,5%, təhsilə - 47,2%, elmə - 8,1%, sosial müdafiə və sosial təminata - 37,7% təşkil edəcək.

Hökümət təqaüdlərin, sosial müavinətlərin, əmək haqqının minimal həcminin, dövlət qulluqçularının əmək haqqının artırılmasını planlaşdırır. Bu məqsədlər üçün 676,5 mln. manatın ayrılması planlaşdırılır. Gələn ilin büdcəsi çərçivəsində əmək haqqının minimal həcminin və təqaüdün baza hissəsinin 50 manata çatdırılması planlaşdırılır.

Büdcənin çıxar hissəsində həmçinin Milli sahibkarlığın dəstəklənməsi fondu üçün 80 mln. manat, İpoteka fondu üçün - 20 mln. manat vəsait ayrılıb.

Müdafiə xərclərinin 27,9%- 906,5 mln. manata qədər, məhkəmə sisteminin təkmilləşdirilməsi üçün xərclərin - 6,7 mln. manat, ipotekanın inkişafı üçün xərclərin - 20 mln. manat, özəlləşdirmə və məsləhətçilərin cəlb olunması üçün müəssisələrin yaxşılaşdırılması üçün xərclərin - 12,5 mln. manat artırılması planlaşdırılır.

Yeganə dəyişiklik hökümətin ehtiyat fondunda baş verib. Onun həcmi əvvəl qoyulmuş 203 mln. manat həcmində məbləğdən 64,5 mln. manata qədər azaldılıb.

2007-ci il dövlət büdcəsinin kəsirinin 379 mln. manat və ya 1,7% ÜDM səviyyəsində olacağı proqnozlaşdırılır. O, özəlləşdirilmə (50 mln. manat) və ölkə daxilində və xaricdə dövlət istiqrazlarının yerləşdirilməsindən gələn gəlirlər (329 mln. manat) hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti