Noyabrın 28-də Azərbaycanın Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.
İclas mühafizə xidmətinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə və bu sahədə qarşıda duran vəzifələrin müzakirəsinə, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsinə, əməkdaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin vəziyyətinə həsr olunub.
İclasda iştirak edən daxili işlər naziri general-polkovnik Ramil Usubov qeyd edib ki, nazirliyin və ərazi polis orqanlarının rəhbərliyi cari ilin ötən dövründə bir sıra təşkilati-praktik tədbirlər həyata keçirib, cinayətkarlıqla mübarizə, ictimai qayda və təhlükəsizliyin təmini sahəsində müsbət nəticələr əldə olunub. İlin ötən dövründə cinayətlərin açılma faizi ənənəvi olaraq yüksək qalıb və bütün istiqamətlər üzrə cinayətkarlıqla uğurlu mübarizə davam etdirilməkdədir.
Tədbirdə çıxış edən DİN Baş Mühafizə İdarəsinin rəisi polis general-mayoru Mədət Quliyev isə qeyd edib ki, idarə tərəfindən qorunan obyektlərin mühafizəsi ilə bərabər xidməti post və marşrutlarda cinayətkralığa və ictimai qaydanı pozanlara qarşı mübarizə işi ötən ilə nisbətən xeyli canlanıb. 62 qorunan obyektdə oğurluq hadisəsinin, həmçinin 90 digər cinayətin qarşısı alınaraq 106 nəfər, axtarışda olan 43, ictimai qaydanı pozan 716 şəxs yaxalanaraq ərazi polis şöbələrinə təhvil verilib. Qorunan obyektlərdə 38 yanğın hadisəsinin qarşısı alınıb, qanunsuz saxlanılan silah-sursatın yığılması istiqamətində 75 fakt üzrə 21 ədəd odlu silah, 56 ədəd əl qumbarası, 9 mindən çox döyüş sursatı aşkar edilərək götürülüb.
Müzakirələrdə Bakı şəhərinin Nəsimi və Yasamal rayon Mühafizə İdarələrinin, Nizami rayon Polis İdarəsinin, Şəki Rayonlararası Mühafizə Şöbəsinin və Sabirabad rayon Polis Şöbəsinin rəisləri, o cümlədən Nəqliyyatda Baş Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi H.Deyistani və başqaları daha çox xidməti fəaliyyətdə buraxılmış nöqsanlar barədə danışıb, ilin sonunadək bu nöqsanları aradan qaldıracaqlarını bildiriblər.