...

Azərbaycan prezidenti hesab edir ki, Ermənistan başçısı ilə sonuncu görüşün yekunları ümumilikdə normal keçib

Siyasət Materials 29 Noyabr 2006 18:17 (UTC +04:00)
Azərbaycan prezidenti hesab edir ki, Ermənistan başçısı ilə sonuncu görüşün yekunları ümumilikdə normal keçib

Nüfuzlu beynəlxalq təşkilatlar ərazi bütövlüyünün saxlanması çərçivəsində Dağlıq Qarabağ məsələsinin həlli üzrə öz sözlərini dedilər. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammitinin yekunu üzrə AzTV-yə verdiyi müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, son vaxtlar beynəlxalq təşkilatların fəaliyyəti ümumilikdə Azərbaycanı qane edir. "Bu, əlbəttə ki, bizim mövqeyimizi möhkəmləndirir. Bütövlükdə, istənilən məsələ müəyyən çərçivədə - beynəlxalq hüquq, norma və prinsiplər çərçivəsində həll oluna bilər. Bu çərçivədən kənarda heç bir məsələ həll oluna bilməz və gələcəkdə hər hansı presedentin yaranması çox böyük problemlərə səbəb ola bilər. Ona görə də biz bir daha qeyd etmək istəyirik ki, Azərbaycanın prinsipial mövqeyi dəyişməz qalır - ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. Dağlıq Qarabağ ərazisində yaşayan insanlara Azərbaycanın ərazi hüdudlarında ən yüksək özünüidarə statusu veriləcək", - deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, artıq üç ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları Praqa prosesi çərçivəsində aparılır. "Bu müddət ərzində həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində kifayət qədər görüşlər olub. Təbii ki, bu görüşlərdə məsələnin həlli yolları müzakirə olunmuşdur. Müəyyən mərhələlər olmuşdur və deyə bilərəm ki, biz danışıqların son mərhələsinə yaxınlaşırıq. Çünki bilirsiniz, üç ilə yaxın müddət ərzində aparılan danışıqlarda, demək olar, bütün məsələlər müzakirə edildi, tərəflərin mövqeləri, demək olar ki, tamamilə formalaşdı. Artıq biz elə mərhələdəyik ki, danışıqların gələcəyi bizim addımlarımızdan asılıdır. Mən bu baxımdan görüşün nəticələrini bütövlükdə normal qiymətləndirirəm", - deyə prezident İlham Əliyev bildirib.

O həmçinin bildirib ki, Minskdə keçirilən son danışıqlar konstruktiv keçib, mübahisəli məsələlər müzakirə olunub. "Son müddət ərzində biz bir sıra məsələlərin həllinə nail olmuşuq, əvvəllər razılaşdırılmamış məsələlər artıq razılaşdırılıbdır. Amma elə prinsipial məsələlər var ki, bunların ətrafında hələ ki, fikir ayrılığı var. İki prezident məhz bu məsələlər ətrafında söhbət aparmışdır", - deyə İlham Əliyev qeyd edib.

Azərbaycanın mövqeyinə gəlincə o qeyd edib ki, Azərbaycanın mövqeyində heç bir dəyişikliklər yoxdur. "Azərbaycan problemin ölkənin ərazi bütövlüyünün qorunması çərçivəsində həll olunmasında israrlıdır. BMT Təhlükəsizlik Şurasının hər dörd qətnaməsi yerinə yetirilməli, Azərbaycan əraziləri işğalçı qüvvələrdən azad olunmalı və milyondan çox azərbaycanlı doğma torpaqlarına qayıtmalıdır", - deyə Azərbaycan prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti