...

Baş Konsul Q.Osmanov: "Murmanskda azərbaycanlıların problemlərinin həll edilməsi məqsədilə geniş görüşlər keçiriləcək"

Siyasət Materials 5 Dekabr 2006 12:19 (UTC +04:00)
Baş Konsul Q.Osmanov: "Murmanskda azərbaycanlıların problemlərinin həll edilməsi məqsədilə geniş görüşlər keçiriləcək"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tapşırığına əsasən, Rusiya Federasiyasının Şimali-Qərb Federal dairəsinə daxil olan vilayətlərə səfər çərçivəsində Sankt-Peterburq şəhərindəki baş konsul Qüdsi Osmanovun başçılığı ilə nümayəndə heyəti dekabrın 6-7-də Murmansk şəhərinə səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini Gündüz Həmzəyev, Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətinin icraçı direktoru Akif Qasımov, "Lider" TV-nin Rusiya müxbiri Anar Həsənov daxildir. Səfər vaxtı Murmansk şəhərinə vilayətin ayrı-ayrı şəhərlərindən Azərbaycan diaspor nümayəndələrinin gəlməsi nəzərdə tutulub.

Baş konsul Qüdsi Osmanov bildirib ki, son zamanlar Rusiya hökuməti tərəfindən ölkə ərazisində qeyri-leqal miqrantlarla mübarizə üzrə qanunvericilik gücləndirilib. Qeyd olunan proses hazırda Rusiya Federasiyasının ərazisində yaşayan və fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarını da ölkədən xaric edilmək təhlükəsi ilə üz-üzə qoyur: "Murmansk vilayətində də çoxlu sayda qeyri-leqal yaşayan Azərbaycan Respublikası vətəndaşları var. Nümayəndə heyəti səfər zamanı onların yaşayış tərzinin öyrənəcək, hüquqlarının qorunması, rəsmi hüquqi status almaları üçün müvafiq sənədləşmə işlərində köməklik göstərəcək, işləmək, oxumaq, tibbi yardım almaq hüquqları və digər məsələlər barədə müzakirələr aparacaq. Bununla yanaşı, nümayəndə heyəti Murmansk vilayətində yaşayan və bütün sahələrdə (bazar, inşaat və s.) çalışan azərbaycanlıların, o cümlədən ziyalılar və iş adamlarının problemlərinin dərindən öyrənilməsi, həll edilməsi məqsədilə geniş görüş keçiriləcək"- deyə baş konsul məlumat verib.

Səfər zamanı Murmansk vilayətinin qubernatoru, parlament sədri, Murmansk şəhər meri, Federal Miqrasiya Xidmətinin rəisi, hüquq-mühafizə orqanları başçıları və diaspor nümayəndələrimizlə görüşlər keçirilməsi nəzərdə tutulub. Görüşlər zamanı Azərbaycan-Murmansk ikitərəfli əlaqələri, orada yaşayan Azərbaycan diasporunun fəaliyyətini, sosial vəziyyətinin və yaşayış tərzinin inkişaf etdirilməsi, qeyri-leqal yaşayanların qeydiyyatı, daimi və müvəqqəti yaşayış üçün lazım olan hüquqi yardımın göstərilməsi və digər maraq kəsb edən məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti