...

Sabah alternativ Yaşıllar Partiyasının təsis qurultayı keçiriləcək

Siyasət Materials 15 Dekabr 2006 16:13 (UTC +04:00)

Dekabrın 16-da Azərbaycan Yaşıllar Partiyasının təsis qurultayı keçiriləcək. Bu barədə Trend ə partiyanın yaradılması üzrə Təşəbbüs Qrupunun rəhbəri Mais Güləliyev məlumat verib.

Qurultay Beynəlxalq Mətbuat Mərkəzinin böyük konfrans zalında keçiriləcək. Qurultayda partiyanın Nizamnaməsi qəbul ediləcək, ali strukturları formalaşdırılacaq. Yeni yaradılan partiyanın sədrliyinə Mais Güləliyevin namizədliyi irəli sürüləcək.

Xatırladaq ki, Azərbaycanda 1993-cü ildə yaradılmış və hazırda sədri Elmar Qafarov olan "Yaşıllar Partiyası" adlı digər təşkilat da mövcuddur. Elmar Qafarov eyniadlı partiyanı yaradan Mais Güləliyevi siyasi etikasızlıq göstərməkdə ittiham edib. O, bildirib ki, 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı başlayıb, 1993-cü ildə siyasi partiyaya çevrilib və sədri keçmiş ekologiya naziri Arif Mansurov olub. O, vəfat etdikdən sonra 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və mərhum sədrin həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik ediblər. Elmar Qafarovun sözlərinə görə, Yaşıllar Partiyasının mövcud olması Azərbaycan ictimaiyyətinə, həmçinin M.Güləliyevə bəllidir və bu partiya hazırda "Bizim Azərbaycan" blokunda təmsil olunur.

Bu fikirlərlə bağlı mövqeyini açıqlayan Mais Güləliyev isə bildirib ki, həmin partiya artıq heç bir fəaliyyət göstərmir və onun mövcudluğu cəmiyyətə də məlum deyil: "Mən o partiyanı tanımıram, heç bir fəaliyyətini də görmürəm. Həmin partiya 2003-cü ildə prezident seçkisində İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün yaradılmış "Bizim Azərbaycan" blokunda təmsil olunan sağ təmayüllü partiya olub, lakin sonradan həmin blok buraxılıb. Yaşıllar ideologiyasını daşımayan həmin partiyanın bu günədək heç bir fəaliyyəti olmadığından, deməli, mövcud da deyil"-deyə M.Güləliyev vurğulayıb.

M.Güləliyev əlavə edib ki, özünün yaratdığı yeni partiya Avropa Yaşıllar Partiyasının səviyyəsinə, prinsiplərinə, fəaliyyət istiqamətlərinə özünü uyğunlaşdıracaq, Azərbaycanda sol təmayüllü, sosial ədalət, ekologiyanın, ətraf mühitin qorunması, insan haqlarının müdafiəsi, demokratiyanın inkişafı kimi prinsiplərə xidmət göstərən bir partiya olacaq.

Xəbər lenti

Xəbər lenti