Ermənistan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi Edvard Oharanın bölgəyə səfər etməsinə mane olur. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov bildirib.
R.Hüseynov qeyd edib ki, məruzəçinin bölgəyə səfər etməsi məsələsi dekabr ayında AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsinin toplantısında və Mədəni irs Alt Komitəsinin iclasında geniş müzakirə olunub.
"Müzakirələr zamanı bildirildi ki, Edvard Oharanın və Avropa Şurasının baş katibi Terri Devisin təşəbbsü ilə yaradılan geniş mütəxəsislər şəbəkəsini əhatə edən missiyanın bölgəyə səfəri mütləq baş tutmalıdır", - deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, 2006-cı ilin payızına qədər hər iki səfər baş tutmalı idi. Lakin müxtəlif səbəblərə görə səfərlər geçikib: "Baxmayaraq ki, bunun üçün müvafiq razılıqlar da var."
R.Hüseynov deyib ki, AŞ PA-nın yanvarın 22-26-da keçiriləcək sessiyası çərçivəsində qurumun Mədəniyyət, Təhsil və Elm Komitəsində və Mədəni irs Alt Komitəsində bu məsələ ilə bağlı geniş müzakirələrin aparılacığı gözlənilir.
"Hesab edirəm ki, yanvar ayında biz bu məsələ ilə bağlı konkretliyə nail olacağıq. Biz istər Azərbaycanın işğal olunmuş ərazilərində, istərsə də Ermənistanda olan və ermənilər tərəfindən dağıdılan mədəni irslə bağlı lazım olan geniş sənədləri məruzəçiyə təqdim etmişik."
Millət vəkilinin fikrincə, 2007-ci ilin yazından geç olmayaraq məruzəçinin Cənubi Qafqaza səfəri baş tutacaq.
R.Hüseynov bildirib ki, Azərbaycan tərəfi R.Oharanın bölgəyə gəlməsində maraqlıdır.
"Çünki Azərbaycan işğala məruz qalıb. İşğal altında olan ərazilərdə 100 mindən artıq mədəni irs nümunəsi- arxeoloji, tarixi abidələr, heykəllər, muzeylər, rəsm qalerayaları ermənilər tərəfindən dağıdılıb. Ermənistan ərazisində olan və azərbaycanlılara məxsus yüzlərlə mədəniyyət abidəsi yer üzündən silinib və ya ermənilər tərəfindən qəsb edilib. Münaqişə nəticəsində Azərbaycanın mədəni irsinə böyük zərbə dəyib. Rəsmi Bakının Oharanın bölgəyə səfər etməsində maraqlı olmaması haqqında ermənilərin irəli sürdükləri iddiaların heç bir əsası yoxdur. Bizim heç nədən qorxumuz yoxdur və hər bir fəaliyyətimiz açıqdır", - deyə millət vəkili əlavə edib.
Naxçıvanda ermənilərə məxsus abidələrin olmadığını deyən deputat Azərbaycan tərəfinin məruzəçinin bu bölgəyə də səfər etməsində maraqlı olduğunu bildirdi.
Onun sözlərinə görə, Ermənistan məruzəçinin bölgəyə səfərinə maneçilik törədir. Çünki Azərbaycan tərəfinin Oharaya təqdim etdiyi mədəni abidələr ermənilər tərəfindən məhv edilib. R.Hüseynov vurğulayıb ki, məruzəçi həmin abidələri axtaranda tapmayacaq, məscidlərin məhv edildiyini görəcək: "Ermənistan başa düşür ki, bölgəyə gələn adam onların yalan danışdığını görəcək. Onu da qeyd edim ki, təkcə Ermənistan deyil, Cənubi Qafqazın digər ölkəsi də bu səfərin baş tutmasında maraqlı deyil. Çünki gələn nümayəndə nöqsanları görəcək."