...

Güclü külək Tərtər məktəblərində tədrisin dayanmasına səbəb oldu

Siyasət Materials 29 Yanvar 2007 18:12 (UTC +04:00)

Güclü küləyin törətdiyi dağıntılar ən çox Tərtər rayonunda baş verib. Tərtər Rayon İcra Hakimiyətinin baş memarı Fərhad Məmmədovun Trendin bölgə müxbirinə verdiyi məlumata görə, rayonda əsən güclü külək bir neçə km-lə uzanan elektrik və rabitə xətlərinin dirəklərini, 200-ə yaxın irili-xırdalı ağacı və bununla bərabər yaşayış binalarının və evlərin, o cümlədən 20 ümumtəhsil orta məktəbinin dam örtüklərini dağıdıb. Bu səbəbdən məktəblərdə tədris prosesi bu gün səhər saatlarından dayandırılıb. Tərtər rayon təhsil şöbəsindən bildirdilər ki, artıq onlar bununla bağlı əlaqədar orqanlara müraciət edib. Sabah məktəblərdə müəyyən təmir işləri görüləcək, şagirdlər dərslərini davam etdirəcəklər.

Tərtər Rayonunun Paylayıcı Elektrik Şəbəkəsindən bildirdilər ki, külək elektrik xətləri ilə bərabər bir neçə transformatoru da aşırıb. Bunun üçün də rayona elektrikin verilməsi sabah günün birinci yarısında təmin olacaq.

Xəbər lenti

Xəbər lenti