ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarker bölgəyə səfəri çərçivəsində fevralın 7-də axşam Azərbaycana gələcək və fevralın 8-9-da Bakıda bir sıra görüşlər keçirəcək.
Bu barədə Trend ə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsindən məlumat verilib.
ATƏT Parlament Assambleyası sədrinin ölkəmizə səfəri üç gün davam edəcək.
Qoran Lenmarker səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının bəzi üzvləri ilə görüşəcək.
ATƏT Parlament Assambleyasının sədrini prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir.
Bundan başqa Qoran Lenmarker Bakı Dövlət Universitetində olacaq və orada keçirilən seminarda iştirak edəcək. Burada yeni bir layihənin təqdimat mərasimindən sonra müəllim və tələbələrin qarşısında çıxış edəcək, onların suallarını cavablandıracaq.
Qoran Lenmarker ATƏT Parlament Assambleyasının sədri olmaqla yanaşı, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə mərzəçisidir. Ona görə də keçirilən görüşlərdə əsasən Dağlıq Qarabağ münaqişəsi, problemin həlli ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.
ATƏT-in Bakı ofisi isə Qoran Lenmarkerin qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə bir sıra görüşlərini təşkil edəcək.
Xatırladaq ki, Q. Lenmarkerin Cənubi Qafqaz bölgəsinə səfəri fevralın 4-də başlayıb. O, əvvəlcə Ermənistanda olub və bu ölkənin rəhbərliyi ilə danışıqlar aparıb. Keçirilən görüşlərdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət müzakirə olunub.
ATƏT PA-nın sədri hazırda Gürcüstandadır. Q.Lenmarker bu ölkənin rəhbərliyi ilə Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll məsələsini müzakirə edəcək.