...

YAP Binəqədi rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 14 Fevral 2007 18:13 (UTC +04:00)

Fevralın 14-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının I konfransı keçirilib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən məlumat verilib.

Mandat komissiyasının verdiyi məlumata görə, konfransda 314 nümayəndə iştirak edib.

Hesabat məruzəsi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədr əvəzi Füzuli İsmayılzadənin sözlərinə görə, təşkilat öz fəaliyyətini ötən dövr ərzində işini partiya sədrinin III Qurultaydakı çıxışından irəli gələn vəzifələrin layiqincə həyata keçirilməsi istiqamətinə yönəldib.

Hesabat məruzəsi dinlənildikdən sonra nəzarət təftiş komissiyasının hesabat məruzəsi ilə qurumun rəhbəri Əliyar Fərzəliyev çıxış edib.

Məruzələr dinlənildikdən sonra YAP Binəqədi rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatla bağlı müzakirələr aparılıb.

Konfransda iştirak edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov çıxış ediblər.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov konfransda geniş nitq söyləyib, partiyanın qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün hər bir YAP-çının üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Konfransda həmçinin təşkilati məsələlərə baxılıb. Nəbi Xəlilov açıq səsvermə yolu ilə YAP Binəqədi rayon təşkilatının sədri seçilib.

Konfransda həmçinin təşkilatın 55 nəfərdən ibarət şurası və yeni tərkibdə nəzarət təftiş qrupu formalaşdırılıb.

Konfransın sonunda Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Xəbər lenti

Xəbər lenti