...

Millət vəkili Aydın Mirzəzadə: "Əli İnsanovun siyasətdə uğur qazanması mümkün deyil"

Siyasət Materials 10 Mart 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Əli İnsanov partiya yarada və ona rəhbərlik edə bilər. Lakin keçmiş səhiyyə nazirinin yaratdığı partiyanın siyasətdə uğur qazanması mümkün deyil. Dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və digər cinayətlərdə ittiham olunan sabiq səhiyyə naziri Əli İnsanovun partiya yaradacağı ilə bağlı məlumatlara münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, keçmiş nazirin ideyaları və məqsədləri cəmiyyət tərəfindən dəstəklənmir. A.Mirzəzadə deyib ki, sabiq səhiyyə naziri indiki iqtidara qarşı müxalifətə keçdiyini bəyan edib.

"İndiki iqtidar Heydər Əliyevin siyasi kursu və prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən ibarətdir. Bu siyasi kurs Azərbaycan vətəndaşlarına uğur gətirib. Dövlət büdcəsi, məvaciblər artır, ölkədə stabillik var, ordu və xarici siyasətimiz güclənir. Əli İnsanov bunlara qarşı müxalifətə keçdiyini bəyan edib. Ancaq öz ölkəsini sevən, vətənpərvər və demokratik düşüncəli insan bu prinsiplərə qarşı müxalifətdə ola bilərmi?", -deyə millət vəkili bildirib.

A.Mirzəzadə vurğulayıb ki, YAP-dan Əli İnsanovun yaradacağı partiyaya axının olması mümkün deyil. Çünki YAP-a gələnlər bunu Əli İnsanova görə deyil, Heydər Əliyev ideyalarına və hakim partiyanın həyata keçirdiyi siyasətə görə ediblər. Bu gün də bu ideyalara bağlıdırlar.

Rəsul Quliyevin vaxtilə Əli İnsanovdan da yüksək vəzifə tutduğunu deyən YAP nümayəndəsi bildirib ki, eks-spiker müxalifətə keçsə də 12 il ərzində heç

bir uğur qazana bilməyib: "Rəsul Quliyev kiçik bir partiyaya rəhbərlik edirdi, sonda o da iki hissəyə parçalandı. Rəsul Quliyev bu gün Azərbaycan siyasətində ən uğursuz siyasətçilərdən biridir."

Onun fikrincə, sabiq səhiyyə naziri də eyni aqibətlə üzləşəcək. A.Mirzəzadənin sözlərinə görə, Ə.İnsanov həmişə öz fəaliyyəti ilə indiki iqtidara problemlər yaradıb: "Hətta deyərdim ki, onun vəzifədən azad olunması və üzərində məhkəmə prosesinin başlaması bir qədər geçikdi."

Millət vəkilinin qənaətincə, Ə.İnsanov siyasi bəyanatlar səsləndirməklə özünə qarşı irəli sürülən ittihamlardan cəmiyyətin diqqətini yayındırmaq istəyir və populizmlə məşğul olur.

"Əli İnsanov səhiyyə sahəsində olan bütün obyektləri oğlunun və yaxın qohumlarının adına özəlləşdirib. Neçə olub ki, onun oğlundan və qohumlarından başqa Azərbaycanda həmin obyektləri özəlləşdirəcək adamlar tapılmayıb? Onu səhiyyə naziri təyin etməmişdilər ki, özü demişkən, qohumlarını var-dövlətlə təmin etsin. Ona görə də Əli İnsanovun nə fəaliyyəti, nə də şüarları insanları onun arxasınca apara bilməyəcək", -deyə A.Mirzəzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti