...

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsində bir sıra dəyişikliklər edilib

Siyasət Materials 12 Mart 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının martın 12-də keçirilən iclasında "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi müzakirə olunub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, adıçəkilən qanun layihəsi Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tövsüyyələri əsasında hazırlanıb. Ə.Hüseynov vurğulayıb ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci çağırış Milli Məclisdə ikinci oxunuşda qəbul olunub: "Bu layihə qəbul edildikdən sonra Prezident yanında Dövlət Qulluğunun İdarə Olunması Komissiyası yaradıldı. Qanun layihəsi Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Prezident yanında Dövlət Qulluğunun İdarə Olunması Komissiyası və parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının bircə iclasında müzakirə olundu və orada prinsipal dəyişiklik edildi. Ona görə də belə qərara gəldik ki, qanun layihəsini yenidən ikinci oxunuşa qaytaraq. Bu millət vəkillərinin verdikləri təkliflərin də nəzərə alınmasına və mükəmməl bir qanunun qəbul olunmasına imkan verəcək."

Komissiya sədri deyib ki, qanun layihəsi hazırlanan zaman Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qanunu baza olaraq qəbul edilib. Qeyd olunub ki, əvvəlki qanun layihəsi hazırlanan zaman Rusiyanın müvafiq sənədi baza kimi götürülüb. Lakin sonra məlum olub ki, bir sıra mühüm müddəalar layihədə əks olunmayıb.

Dövlət qulluqçusu statusununa malik olan bütün şəxslərə şamil ediləcək 2 fəsil 24 maddədən ibarət olan qanunun qəbul olunmasında məqsəd dövlət-vətəndaş münasibətlərinin qurulmasında əməl olunması vacib olan etik davranış qaydalarını müəyyənləşdirmək, dövlət orqanlarının və dövlət qulluqçularının nüfuzunun artırılması, vətəndaşların dövlət oqranlarına və dövlət qulluqçularına etimadını yüksəltməkdir.

Qanunda əks olunan bəzi müddəalar deputatların narazılığına səbəb olub. Millət vəkilləri qanunun 6-cı maddəsində əks olunan dövlət qulluqçularının loyallığı, 15-ci maddədə əks olunan dövlət qulluqçularının maraqlarının toqquşmasının qarşısını alınması ilə bağlı müddəalara etirazlarını bildiriblər və bu maddələrin təkmilləşdirilməsi üçün bir sıra təkliflər irəli sürüblər.

Müzakirələrdən sonra qanun layihəsinin yenidən ikinci oxunuş üçün Milli Məclisə təqdim olunması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti