...

"Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında" qanun layihəsi yaxın vaxtlarda müzakirəyə təqdim olunacaq

Siyasət Materials 12 Mart 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində hazırlanan "Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında" qanun layihəsi yaxın vaxtlarda müzakirəyə təqdim olunacaq. Bu barədə məlumat verən Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirb ki, yeni qanun layihəsi ekspertiza üçün Avropa Şurasına da göndərilib. Onun sözlərinə görə, artıq Avropa Şurası layihəyə rəy verib: "Hazırda Avropa Şurasının verdiyi rəy tərcümə olunur. Tərcümə prosesi başa çatandan sonra biz həmin rəyləri dərindən öyrənəcəyik və onlardan hansının qanun layihəsinə əvalə edilib-edilməyəcəyi müzakirələrdən sonra məlum olacaq."

S.Kərimov vurğulayıb ki, "Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında" qanunun hazırlanmasında məqsəd dövlət qulluğu işinin daha da təkmilləşdirilməsi və vəzifəli şəxslərin maraqlarının toqquşmasının qarşısını almaqdır.

Onun sözlərinə görə, qanunun tələblərinin hansı səviyyədə yerinə yetirildiyinə nəzarət etmək üçün yeni qurum yaradılacaq və hər bir dövlət sturukturunda ən azı bir nümayəndə ilə təmsil olunacaq.

"Həmin qurumun sturukturu iki komissiyadan - araşdırma və dinləmə komissiyalarından ibarət olacaq. Araşdırma Komissiyası qanunların icra olunmasına nəzarət edəcək. Əgər qanun pozuntusu aşkarlayarsa bununla bağlı lazımı məlumatları Dinləmə Komissiyasına göndərəcək. Sonra isə bütün tərəflərin iştirakı ilə məsələ araşdırılacaq", -deyə S.Kərimov qeyd edib.

O deyib ki, vəzifəli şəxslərin fəaliyyətində maraqlarının toqquşmasının qarşısının alınması üçün dünyada müxtəlif modellərdən istifadə olunur. Məsələn, ABŞ-da belə hallar baş verən zaman bununla bağlı məlumat verilməsi nəzərdə tutulub və bu məlumatı verənlərə "fit çalanlar" deyirlər: "Bu barədə məlumatın verilməsi qaydaları və məlumatı verən şəxslərin qorunması qanunla tənzimlənir. İndii beynəlxalq ekspertlər bizdən tələb edirlər ki, Azərbaycanın müvafiq qanununda da bu məsələ öz əksini tapsın. Lakin biz hazırda bu məsələni araşdırırıq."

Xəbər lenti

Xəbər lenti