...

Elmar Məmmədyarov ABŞ-ın ATƏT yanında nümayəndəsi ilə demokratikləşmə və enerji təhlükəsizliyi məsələlərini müzakirə edib

Siyasət Materials 28 Mart 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 28-də ABŞ-ın ATƏT yanında nümayəndəsi səfir Culi Finlini qəbul edərkən bildirib ki, seçkilərin azad və qanun çərçivəsində keçirilməsi demokratiya quruculuğunun mühüm elementlərindən biridir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Nazir E.Məmmədyarov bu yaxınlarda ABŞ-a etdiyi səfər haqqında təəssüratları ilə bölüşüb, keçirdiyi rəsmi görüşlərdə Azərbaycan və Amerika arasında strateji tərəfdaşlığın bir sıra istiqamətlərinin, o cümlədən Azərbaycanda demokratiya quruculuğu, enerji sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələlərinin müzakirə olunduğu barədə məlumat verib.

Xanım C.Finli isə Azərbaycanda gedən demokratik proseslərin durumu, həmçinin təşkilatın seçki prosesi ilə bağlı irəli sürdüyü təkliflərin yerinə yetirilməsi istiqamətində hökumətin gördüyü işlərlə maraqlanıb.

Nazir seçkilərin azad və qanun çərçivəsində keçirilməsinin demokratiya quruculuğunun mühüm elementlərindən biri olduğunu vurğulayaraq, bu sahədə hökumətin atdığı addımlar haqqında danışıb. E.Məmmədyarov seçkilərlə yanaşı, demokratikləşmə prosesinin digər elementlərinə, iqtisadi inkişafın gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi, təhsil səviyyəsinin artırılmasına geniş yer verildiyini qonağın diqqətinə çatdırıb. Azərbaycanın dünyəvi müsəlman dövləti olmaqla yanaşı, demokratik dəyərlərin daşıyıcısı olduğunu qeyd edib, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti