Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, böyük britaniyalı deputat Eduard Oharanın martın sonu-aprelin əvvəllərində bölgəyə planlaşdırılan səfəri növbəti dəfə təxirə salına bilər. Bu barədə cümə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.
Onun sözlərinə görə, məruzəçinin bölgəyə səfər maşurtu da dəqiqləşdirilib. E.Ohara əvvəlcə Ermənistana getməli və oradakı Azərbaycan və gürcü abidələrinin vəziyyətini araşdırmalı, sonra Gürcüstana getməli və oradakı Azərbaycan və erməni adidələrinin vəziyyətini öyrənməli və oradan Azərbaycana gəlməli, Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdə olmalı, eyni zamanda Naxçıvana baş çəkməlidır.
"Lakin Ermənistan tərəfi mayın 12-də bu ölkədə keçiriləcək parlament seçkilərini bəhanə gətirərək səfərin baş tutmasını əngəlləyir. Çünki belə bir araşdırmanın aparılması Ermənistana sərf etmir. Bu da Ermənistandakı və işğal altında olan ərazilərdəki Azərbaycan abidələrinin dağıdılması ilə bağlıdır", -deyə millət vəkili əlavə edib.
O qeyd edib ki, Cənubi Qafqazda mədəni irsin vəziyətinin öyrənilməsi üçün Avropa Şurasının baş katibi Terri Devis tərəfindən yaradılmış ayrıca bir missiya fəaliyyət göstərir. Lakin Ermənistanın yaratdığı manelərə görə həmin missiyanın da bölgəyə səfəri baş tutmur: "Bu səfərlərin baş tutması üçün Cənubi Qafqazın hər üç ölkəsi eyni vaxtda razılıq verməlidir. Çünki bir ölkəyə səfər edib, digərlərinə səfər etməmək olmaz. Ona görə də Ermənistanın yaratıdğı manelər hazırlanacaq məruzələrdə bu ölkənin adının mənfi şəkildə hallanmasına və buna görə də cəzalandırılmasına səbəb olacaq."
R.Hüseynov qeyd edib ki, həm AŞPA komitəsi, həm də E.Oharanın özü bölgəyə səfər etməkdə maraqlıdır.