...

İnsan Haqları üzrə Avropa Məhkəməsi AMDP-nin şikayətini icraata götürüb

Siyasət Materials 9 Aprel 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayəti İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən icraata götürülüb. Bu barədə bazar ertəsi Bakıda AMDP sədrinin müavini Oqtay Xəlilli məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsindən məktub alıblar.

"İnsan Haqları üzrə Avropa Məhkəməsi məsələyə baxacaq. Lakin bunun nə vaxt olacağı məlum deyil", - deyə AMDP rəsmisi əlavə edib.

AMDP bir neçə ildir ki, dövlət qeydiyyatına alınmır. Partiya məsələ ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə partiyanın dövlət qeydiyyatına alınması məsələsinə Ədliyyə Nazirliyinin Kollegiyasında baxılması haqqında qərar qəbul edib.

O.Xəlilli deyib ki, lakin nazirlik hələ də məsələyə baxmayıb: "Ədliyyə Nazirliyindən bizə deyirlər ki, məsələyə baxılacaq. Amma bu nə vaxt olacaq məlum deyil."

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Xəqani Tağıyev isə bildirib ki, onda AMDP-nin qeydiyyatı məsələsinə nə vaxt baxılacağı barədə məlumat yoxdur.

Xatırladaq ki, müxalifəti təmsil edən AMDP 1992-ci ildə sabiq daxili işlər naziri İsgəndər Həmidov tərəfindən yaradılıb. Həmidov həbs olunduqdan sonra partiyanın qeydiyyatı ləğv olunub. AMDP sədri 2004-cü ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxıb.  

Xəbər lenti

Xəbər lenti