...

Nümayəndə heyətinin rəhbəri: "AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamədəki tənqidi məqamlardan bir neçəsi obyektivdir"

Siyasət Materials 24 Aprel 2007 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasnın (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə əks olunan tənqidi məqamlardan bir neçəsi obyektivdir və onlar ciddi şəkildə təhlil olunmalıdır. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyasının yekunları ilə bağlı çərşənbə axşamı Milli Məclisdə keçirilən mətbuat konfransında məlumat verib.

Seyidov qeyd edib ki, məruzədə əks olunan obyektiv tənqidlər Azərbaycanda gedən real prosesləri əks etdirirsə, Avropra Şurası ilə konstruktiv əməkdaşlıq edərək onların aradan qaldırılması istiqamətində fəaliyyət göstərmək lazımdır. Onun fikrincə, Azərbaycan sürətlə inkişaf etdiyinə görə, bəzi tənqidlər bu proses zamanı öz həllini tapacaq: "Məruzədə qeyd olunan bəzi tənqidlər isə Azərbaycana olan qərəzli, qeyri-obyektiv və ikili standartlara əsaslanan yanaşmanın nəticəsidir. Biz onları da ciddi şəkildə təhlil etməliyik. Bunların niyə, nəyə görə baş verdiyini araşdırmalı və ikili standartların aradan qaldırılması istiqamətində fəaliyyət göstərməliyik. Sənəddə qeyd olunan müsbət tendensiyalar isə inkişaf etdirilməlidir".

Millət vəkili deyib ki, Azərbaycan üzrə həmməruzəçilərin hazırladıqları sənədin böyük bir hissəsi ölkəmizdə gedən müsbət proseslərə həsr olunub. Seyidovun sözlərinə görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycanla bağlı məruzənin 9.2-ci bəndində dəyişiklik etmək istəsələr də, buna nail ola bilməyiblər: "Ermənistan istisna olmaqla Avropa Şurasının üzvü olan 46 ölkə bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi".

Nümayəndə heyətinin rəhbəri hesab edir ki, AŞPA-nın yaz sessiyası Azərbaycan üçün uğurlu keçib, nümayəndə heyətinin üzvləri sessiyada fəal iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti