Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyası mayın 27-nə növbəti yürüş-mitinqini təyin edib. Bu barədə Müsavat Partiyası divanının bazar ertəsi keçirilən toplantısında qərar qəbul edilib.
Qərar haqqında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
Aksiya yenə əvvəlki marşrut üzrə saat 16.00-dan 18.00-dək keçiriləcək. Metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq, "Ukrayna" meydanında mitinq təşkil olunacaq.
Müsavat funksioneri Hacılı bildirib ki, bu il ərzində keçirilən bir neçə yürüş-mitinq sırf sosial tələblərlə bağlı olub, qiymət artımına etiraz məqsədilə keçirilib. Növbəti yürüş-mitinqdə isə tələblər dəyişdirilə bilər.
Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.