...

Politoloq: "Rusiyanın iştirakı olmadan Qafqazda heç bir münaqişə həll oluna bilməz"

Siyasət Materials 2 May 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Karneqi Moskva Mərkəzinin direktor müavini, politoloq Dmitri Trenin hesab edir ki, Rusiya ilə fəal əməkdaşlıq olmadan Qafqazla bağlı heç bir münaqişə həll oluna bilməz.

Vaşinqtonda Trend agentliyinə müsahibəsində Trenin Rusiyanın regiondakı "dondurulmuş münaqişələr"in həllinə razılıq verməsi ehtimalını şərh edib. "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə razılığı - çox güclü sözdü. Mən hesab etmirəm ki, razılıq Rusiyanın etməli olduğu hər şeydir" - deyən ekspert əlavə edib ki, bu münaqişələrin Rusiyanın maraq və istəklərini nəzərə almadan və bilavasitə müdaxiləsi olmadan həll edilməsini gözləmək sadəlövhlükdür.

Treninin sözlərinə görə, Gürcüstanın NATO-ya üzvlüyü Rusiya ilə NATO arasında münaqişəyə səbəb olmayacaq: "Gürcüstanın NATO-ya daxil edilməsi barədə düşünərkən, onun həmçinin həll olunmamış münaqişələri olduğunu nəzərə almaq lazımdır". Gürcü - abxaz münaqişəsilə bağlı politoloq bildirib ki, Abxaziyada əksəriyyətin Rusiya pasportları var və bu da məsələni qəlizləşdirir, belə ki, Gürcüstanın NATO-ya qəbul olunması zamanı bunu da nəzərə almaq lazımdır.

Politoloq hesab edir ki, Cənubi Qafqazda ABŞ və Rusiyanın maraqları tamamilə fərqlidir və bu region RF üçün daha mühim olsa da, qlobal siyasətdə ABŞ daha böyük oyunçudu. "Rusiyanın regiondakı maraqları təsvvürə əsaslanır, belə ki, o, imperiya olmaqda davam edir və özündə böyük qüvvə birləşdirir. Keçmişdə Rusiya qonşu ölkələrin sərhədlərini də bir hissəsi kimi özünə daxil edirdi. Bir əsr bundan öncə Rusiyanın baş naziri Sergey Vitte deyirdi ki, Rusiya deyilən bir anlayış yoxdur, Rusiya imperiyası var. Bu gün Rusiya liderlərinin baxışları isə əksinədir. Onlar deyirlər ki, Rusiya var və biz Rusiya maraqları üçün fokusu tapırıq. Bu, çox mühüm həddir" - deyə Trenin qeyd edir. Onun fikrincə, Rusiya qonşuluqda Azərbaycan, Ermənistan, Gürcüstanın deyil, öz maraqlarına uyğun olana, özü üçün yaxşı olana əsaslanır.

"Rusiya öz biznesi üçünü bu ölkələri təhlükəsiz etməlidir. Rusiya artan enerji ilə öz maraqlarını bu ölkələrə itələyir və həyata keçirir. İqtisadi maraqlar, məsələn, energetika sektorunda başdadır" - deyə politoloq bildirib. Digər növ strateji maraqlardır ki, Rusiya özünü bu regionda rahat hiss etmək istəyir. "Özünü rahat hiss etmək o deməkdir ki, sizin ölkədə narahatçılıq yarada biləcək üçüncü bir ölkə yoxdur. Rusiya keçmiş sovet ölkələrinin NATO-ya daxil olması və bu ölkələrdə Amerika bazalarının quraşdırılmasını öz maraqlarına zərbə kimi qiymətləndirir. Bu cür inkişaf sıfır uduşlu oyun kimi dəyərləndirilir" - deyə ekspert hesab edir.

Treninin sözlərinə görə, ABŞ isə regiona demokratiyanın inkişafı, energetika maraqları yönündən baxır. "Xəzər regionu mühüm enerji mənbəyidir və ABŞ Rusiyadan keçməyən, Qərbə birbaşa enerji yolu açmaq istəyir, bu mövqedən Azərbaycanla münasibətlərin qurulmasında maraqları genişdir. ABŞ-ın siyasəti demokratiyanın inkişafı və iqtisadi maraqlar arasında iki hissəyə bölünür. Əlbəttə ki, ABŞ Rusiya imperiyasının dirçəlməsinin əleyhinədir" - deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti