Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ötən ay Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərərkən 30 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bazar ertəsi verilən məlumata görə, saxlanılanlardan 9-u Azərbaycan, 7-si İran, 8-i Gürcüstan, 3-ü Türkiyə, hər birinə bir nəfər olmaqla Nigeriya, Rusiya və İraq vətəndaşlarıdır. Sərhəd pozucularının 18-i sərhəd zastavalarında, 10-u sərhəd-buraxılış məntəqələrində, 2-si Sahil Mühafizəsi tərəfindən Astara istiqamətində saxlanılıb. Saxlanılan şəxslərin 8-i saxta sənədlə, 2-si özgəsinə məxsus sənədlə sərhədlərimizi keçməyə cəhd göstəriblər.
Ötən ay 74 nəfər Azərbaycan, 5 Gürcüstan, 4 İran, 2 Rusiya, 2 Türkiyə vətəndaşı müvafiq sənədləri olmadığına görə, 20 İran, 9 Türkiyə, 6 Özbəkistan, 5 Hindistan, hər birindən 2 nəfər olmaqla Azərbaycan, İsrail, Almaniya, Cənubi Koreya, hər ölkədən bir nəfər olmaqla Avstriya, Böyük Britaniya, Gürcüstan, İndoneziya, İordaniya, Malayziya, Nigeriya, Zambiya, Uruqvay, CAR, Pakistan, Kot-d-İvaur, Livan, Misir, Çili vətəndaşları vizaları olmadığına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində axtarışda olan 57 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Dövlət sərhədindən keçirilməyə cəhd göstərilərkən 1 kiloqram 910 qram narkotik vasitələr aşkar edilərək götürülüb.
Xəzər dənizində sərhədboyu rejimə riayət etmədiklərinə görə 5 gəmi və 13 qayıqda 80 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, onlardan 35 min 180 metr balıqovlama torları, 25 min 570 ədəd qarmaqlı balıqovlama vasitələri, 4 ton kilkə balığı, 100 kiloqram nərə balığı aşkarlanaraq götürülüb.
Ümumi dəyəri 255 min 932 manat olan mal və əşyalar götürülüb. 400 saxta ABŞ dolları, 87000 İran valyutası, 10850 litr dizel yanacağı, 800 baş xırdabuynuzlu heyvan və digər əşyaların sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınıb.