...

Azərbaycan Müdafiə Nazirliyi ötən ilin fəaliyyətinə dair hesabatını açıqlayıb

Siyasət Materials 17 May 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın hazırda 46 ölkə ilə hərbi sahədə əlaqələri mövcuddur, 26 ölkə ilə praktiki əlaqələr qurulub, 20 dövlətlə isə hərbi əməkdaşlıq sahəsində ikitərəfli sənəd imzalanıb. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin ötən ilin yekunlarına dair hesabatında məlumat verilib.

Məlumata görə, ötən il 851 hərbi qulluqçu və nümayəndə Azərbaycana səfər edib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 11 xarici dövlətdə hərbi attaşesi və nümayəndəsi akkreditə olunub, həmçinin NATO-nun mənzil-qərargahında hərbi nümayəndəliyi, SHAPE və Ali Transformasiya Komandanlığında əlaqələndirici zabitləri fəaliyyət göstərir.

Ötən il 479 dil və ixtisas kursları, işçi görüşlər, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr həyata keçirilib ki, bu tədbirlərdə də Azərbaycan Silahlı Qüvvələrinin 1933 nümayəndəsi iştirak edib.

2006-cı ildə NATO-nun Planlaşdırma və Təhlil Prosesi (PARP) çərçivəsində Azərbaycanın qəbul etdiyi tərəfdaşlıq məqsədlərinin sayı 44-ə çatıb.

Hesabat dövründə hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib. Hərbi qulluqçulara göstərilən təkmilləşdirilmiş tibbi yardımı daha yüksək səviyyəyə qaldırmaq məqsədilə nazirliyin Mərkəzi Hərbi Klinik Hospitalının 300 çarpayılıq cərrahiyyə korpusu və hərbi qulluqçuların istirahətinin yaxşılaşdırılması üçün Goradil qəsəbəsində müasir dizayna malik üzgüçülük hovuzu, müxtəlif idman trenajorları olan hərbi istirahət evi istifadəyə verilib.

2003-2006-cı illərdə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, və Ələt qarnizonlarında hərbi qulluqçular üçün hər biri üç otaqdan ibarət, sahəsi 100-114 kvadratmetrlik 165 mənzilli iki yaşayış binası inşa edilib.

Xəbər lenti

Xəbər lenti