...

AŞPA Daimi Komitəsinin iclasında Cənubi Qafqazda itgin düşmüş şəxslərlə bağlı məruzə müzakirə olunacaq

Siyasət Materials 17 May 2007 15:51 (UTC +04:00)
AŞPA Daimi Komitəsinin iclasında Cənubi Qafqazda itgin düşmüş şəxslərlə bağlı məruzə müzakirə olunacaq

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin mayın 24-də Belqradda keçiriləcək iclasında hollandiyalı deputat Leo Platvoetin Cənubi Qafqaz ölkələrində əsir və itgin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məruzəsi müzakirə olunacaq. Bu barədə cümə axşamı Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva məlumat verib.

AŞPA Daimi Komitəsinin iclasında Azərbaycanı təmsil edəcək Hacıyevanın sözlərinə görə, məruzədə Dağlıq Qarabağ münaqişəsi zamanı 4600 azərbaycanlının əsir və itgin düşdüyü, girov götürüldüyü göstərilib. Hacıyeva qeyd edib ki, sənəddə Cənubi Qafqazda əsir və itgin düşmüş, girov götürülmüş şəxslərin gələcək taleyi ilə bağlı yaranmış problemin təhlili verilib: "Məruzədə qeyd olunub ki, problemin həlli üçün beynəlxalq təşkilatların və tərəflərin prosesdə yaxından iştirakı vacibdir".

Millət vəkili hesab edir ki, sənəddə azərbaycanlılarla bağlı göstərilən rəqəmlər reallığı əks etdirir. Çünki 4600 azərbaycanlının əsir və itgin düşdüyü, girov götürüldüyü faktlarla sübut olunub: "Sənədlər Azərbaycanın Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xac Təşkilatı ilə dəqiqləşdirilib".

İclasda Platvoet Azərbaycan, Gürcüstan və Ermənistanda əsir və itgin düşmüş, girov götürülmüş şəxslərlə bağlı çıxış edəcək. Daimi Komitənin iclasında sosial hüquqlar, mülki qanunvericilikdə gender hüquqlarının təsbit olunması və digər məsələlər də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti