Rusiya,Moskva/müxbir Trend R.Ağayev/"Azərbaycan bərabərlik, qarşılıqlı hörmət və inam əsasında istənilən formatda əməkdaşlığa hazırdır". Bu barədə cümə axşamı Moskvada RF Federal Yığıncağı və Azərbaycan Milli Məclisinin ikitərəfli Parlamentlərarası Komissiyasının yeddinci iclasında Azərbaycan parlamentinin vitse-spikeri, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərov bəyan edib.
İclasda Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı və gücləndirilməsi, həmçinin Rusiya-Azərbaycan Parlamentlərəarası Komissiyanın gündəliyində duran məsələlər nəzərdən keçirilib. O cümlədən, Bakıda keçirilmiş altıncı iclasın qərarlarının yerinə yetirilməsi, ticarət-iqtisadi əməkdaşlıq perspektivləri və qanunvericilik təminatı, Azərbaycan və Rusiya arasında elmi-texniki, mədəni və humanitar əməkdaşlığın hüquqi təminatı məsələləri də müzakirə olunub. Əsas diqqət miqrasiya məsələləri üzrə əməkdaşlığa ayrılıb. Bu kontekstdə Federal Miqrasiya Xidmətinin rəhbər müavini Vyaçeslav Postavninin məlumatı dinlənilib. Görüşdə humanitar əməkdaşlıq, əsasən də təhsil sahəsindəki əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə böyük yer ayrılıb.
İclasda Azərbaycan tərəfindən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatları Arif Rəhimzadə, Mixail Zabelin, MDB Parlamentlərarası Assambleyadakı Azərbaycan nümayəndəsi Aydın Cəfərov iştirak edib. Rusiya tərəfindən vitse-spiker, parlamentlərarası komissiyanın həmsədri Svetlana Orlova, senator Fərhad Əhmədov və Rusiya-Azərbaycan Parlamentlərarası Komissiyanın digər üzvləri, RF hakimiyyət orqanlarının nümayəndələri iştirak edib.
Hər iki tərəfdən Rusiya və Azərbaycan arasında dünya təcrübəsində mövcud olan normalara uyğun olaraq milli qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi və effektliyinin artırılması üzrə komissiyanın işinin davam etdiriməsi zəruriliyi qeyd olunub.
Svetlana Orlovanın sözlərinə görə, komissiya bütün sahələrdə bir çox ikitərəfli məsələləri həll etməyə və iki ölkənin qanunverici bazasının formalaşdırımasında düzgün qərarlar qəbul etməyə kömək edir. Səfir Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycanın Rusiyadakı səfirliyi ikitərəfli əməkdaşlığın bütün məsələlərini diqqət mərkəzində saxlayır və bütün cari məsələlərin həllinə kömək göstərməyə hazırdır.
İclasın yekununa əsasən, RF Federal Yığıncaq və Azərbaycan Milli Məclisinin ikitərəfli Parlamentlərarası Komissiyasının yeddinci iclasında protokol imzalanıb. Komissiyanın növbəti 8-ci iclası bu ilin dekabrında Bakıda keçiriləcək.