...

Sloveniya XİN rəhbəri: "Qafqaz-Xəzər regionunun inkişafı üçün şans Avropaya inteqrasiyadır"

Siyasət Materials 25 May 2007 14:51 (UTC +04:00)
Sloveniya XİN rəhbəri: "Qafqaz-Xəzər regionunun inkişafı üçün şans Avropaya inteqrasiyadır"

Azərbaycan, Bakı/müxbir Trend A.Qasımova/ Qafqaz-Xəzər komissiyasının rəhbəri, Sloveniyanın xarici işlər naziri Dimitri Rupellə Trend in müsahibəsi

- Zəhmət olmasa, yeni yaradılmış komissiyanın məqsəd və vəzifələrindən danışardınız? Qarşıya hansı ilkin vəzifələr qoyulub?

- Qafqaz-Xəzər komissiyası vətəndaş cəmiyyətinin təşəbbüsü kimi yaradlıb. Onun məqsədi Avropa, ABŞ, Rusiya, ümumilikdə Xəzər regionunun görkəmli şəxslərinin regionda iqtisadi və siyasi münasibətlərin, həmçinin region və Avropa Birliyi arasında münasibətlərin inkişafı və dinamikliyinin artırılmasına cəlb olunmasıdır. Avropa və Qafqaz regionu təkamül yolundadır və biz yeni siyasi və iqtisadi imkanların kapitalizasiyası yolları barədə fikirləşməliyik. Həmçinin regionun AB üçün həm enerji mənbəyi, həm də Asiya ilə əlaqə mənbəyi kimi vacibliyi də qeyd edilməlidir.

Qısası, komissiya regionun inkişafını nəzərdən keçirəcək, dörd istiqamətdə - məqbul regional iqtisadiyyat, siyasi sabitlik, münaqişələrin həlli və Avropa-Xəzər münasibətləri istiqamətlərində tövsiyələr verəcək.

- Komissiyanın məqsədlərindən biri regional əməkdaşlığın siyasi, iqtisadi səviyyələr və təhlükəsizlik üzrə stimullaşdırılmasıdır. Regionda bir neçə "dondurulmuş münaqişələr"in mövcudluğunu nəzərə alaraq bu cür hərtərəfli əməkdaşlıq nə qədər mümkündür?

- Mən nikbinəm. Xəzər regionunda əməkdaşlığın inkişafına böyük ehtiyac var. Cənubi Qafqaz ölkələri üçün AB ilə yaxşı münasibətlərdə olmaq çox vacibdir. Çiçəklənmə üçün şans inteqrasiyadır. Eyni zamanda sərhədlər, münaqişələr və siyasi qeyri-sabitlik səhmdarları qorxudur. Bunun əziyyətini son nəticədə əhali çəkir. AB sabitlik və çiçəklənmə rəmzidir və AB-nin qonşuluq siyasəti sabitlik və çiçəklənmənin onun sərhədləri ətrafında da hökm sürməsinə istiqamətlənib.

Mən Cənubi Qafqaza Avropa və Asiyanı bağlayan həlqə kimi baxıram. İnteqrasiyalaşmış Avropanın strategiyası Qafqazla münasibətlərdə davamlı və başlıca olaraq iqtisadi olmalıdır.

- Necə fikirləşirsiniz, erməni təcavüzünün əsiri olmuş və Dağlıq Qarabağ münaqişəsinin 10 ildir ki, sülh yolu ilə və ədalətli həllini arzulayan Azərbaycana nə üçün bunu etmək müyəssər olmur? Münaqişənin həllində komissiya, Avropa Birliyi və beynəlxalq ictimaiyyət hansı əhəmiyyətli rol oynaya bilər?

-Dağlıq Qarabağ münaqişəsini münaqişədə olan tərəflər həll etməlidir. Azərbaycan və Ermənistan qonşudur və bu faktdır. Münaqişə həll olunsa, hər iki tərəf qazanacaq və mən əminəm ki, mənim regiondakı dostlarım bunu anlayır. Mən həmçinin bilirəm ki, münaqişə fazasını yerindən tərpətmək və daha müsbət aspektlərə diqqət ayırmaq üçün hər iki tərəfin dahi siyasətçiləri var. Mən dövlətlərarası münasibətləri iqtisadi mübadilənin inkişafı üçün şans kimi nəzərdə tuturam.

Münaqişənin həlli sülh yolu ilə olmalıdır. Avropa dondurulmuş münaqişələrin həllində əsas rol oynaya bilər. Biz, bu məsələlərə və ümumilikdə bu regiona dünya ictimaiyyətinin diqqətini cəlb etməklə, həmçinin iqtisadi sahədə əməkdaşlıq imkanları yaratmaqla kömək edə bilərik.

- Belə bir məlumat var ki, komissiya Dağlıq Qarabağ regionunda faktların toplanması üzrə missiya təşkil etmək niyyətindədir. Missiya qarşısında hansı vəzifələr qoyulacaq və bu nə zaman baş verə bilər?

- Bu məsələ müzakirələrin gündəliyindədir, lakin bu istiqamətdə saziş əldə olunmayıb. İstənilən halda, sizi inandıra bilərəm ki, komissiyanın fəaliyyəti aydın və tamamilə yerli hakimiyyətlər tərəfindən koordinasiya olunacaq.

- Xəzər-Qafqaz Komissiyası regiona, əsasən də Azərbaycana Avropa ilə münasibətlər səviyyəsini yüksəltmək üçün hansı yolla kömək edə bilər? Bu istiqamətdə komissiyanın planları necədir?

- Komissiyanın məruzəsi noyabrın sonuna kimi hazır olacaq. Avropa və Qafqaz arasında münasibətlər məruzədə tam əks olunacaq. Xəzər-Avropa münasibətlərinin, əsasən də iqtisadi və enerji mübadiləsi sahəsinin inkişafına diqqət ayrılmalıdır. Bizə hərtərəfli siyasi və təhlükəsiz dialoq lazımdır.

Xəbər lenti

Xəbər lenti