...

Milli Məclis sədrinin Sankt-Peterburqa səfər proqramı açıqlanıb

Siyasət Materials 29 May 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti mayın 30-dan iyunun 1-dək Sankt-Peterburqda səfərdə olacaq. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib.

Onun sözlərinə görə, Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) 28-ci plenar iclası keçiriləcək və Azərbaycan nümayəndə heyəti toplantıda iştirak edəcək.

Mətbuat katibi bildirib ki, səfər çərçivəsində Milli Məclis sədrinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. Azərbaycan parlamentinin spikeri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van-der Lendenlə də görüşəcək.

AŞPA-nın təşkilatçılığı ilə Sankt-Petreburqda "Mədəniyyətlərarası və dinlərarası dialoq" mövzusunda beynəlxalq konfransın keçiriləcəyini vurğulayan Nəsirov əlavə edib ki, Azərbaycan parlamentinin nümayəndə heyəti də bu konfransa qatılacaq.

O qeyd edib ki, ötən ildən etibarən MDB-nin yaradılmasının 15-ci ildönümü ilə əlaqədar yubiley tədbirləri keçirilir. Bu il isə MDB PA-nın yaranmasının 15 ili tamam olur. Sessiya çərçivəsində MDB PA-nın 15-ci ildönümü də qeyd olunacaq.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüşün keçirilib-keçirilməyəcəyinə gəlincə, mətbuat katibi bildirib ki, bu istisna deyil.

"Belə bir görüş ola bilər. Çünki bizə təqdim olunan səfər proqramında bəzi ikitərəfli görüşlər üçün vaxt ayrılıb. Həmin vaxt ərzində bu görüş də reallaşa bilər", -deyə Nəsirov əlavə edib.

O, Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistan parlamentlərinin təmsil olunduğu "Qafqaz dörtlüyü"nun görüşünün keçirilib-keçirilməyəcəyinə gəlincə, mətbuat katibi bu məsələnin dəqiqləşmədiyini vurğulayıb.

Səfər zamanı Milli Məclisin sədrini Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov, deputat Rafael Hüseynov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər müşahidə edəcəklər.

Mayın 28-dən etibarən Sankt-Peterburqda MDB PA-nın müxtəlif komitələrinin iclasları keçirilir.

Xəbər lenti

Xəbər lenti