...

Müxalifət liderləri davamlı görüşlərə qərar veriblər

Siyasət Materials 6 İyun 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət liderləri siyasi proseslərlə bağlı məsləhətləşmələrinin davamlı olması barədə razılığa gəliblər. Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə çərşənbə günü məlumat verib.

ASDP-nin qərargahında keçirilən müxalifət liderlərinin görüşündə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Açıq Cəmiyyət Partiyası (ACP), Azərbaycan Demokrat Partiyası (ADP), Müsavat, Tərəqqi partiyaları, ASDP və Eldar Namazov təmsil olunub.

Əlizadənin sözlərinə görə, müxalifətçilər Azərbaycanın ümummilli problemlərinə dair fikir mübadiləsi aparıb, öz təklif və rəylərini bölüşüblər: "Biz qərara aldıq ki, bu məsləhətləşmələr davam etdirilsin. Növbəti görüş ADP-nin qərargahında olacaq. Növbəlilik prinsipi ilə hər dəfə bir partiya bu görüşlərə ev sahibliyi edəcək" - deyə Əlizadə bildirib.

AMİP-in mətbuat məsələləri üzrə sədr müavini Əli Orucov bildirib ki, toplantılarda müxalifətin yeni Alyansının yaradılması təşəbbüsü də müzakirə edilir. Lakin partiyalar uzunmüddətli əməkdaşlığa nail olmaq üçün tələsik qərarlar verməkdən, saziş imzalamaqdan çəkinirlər: "Partiyaların ümumi bir Alyansının yaradılması mümkündür, lakin hələ konkret saziş bağlamağa tələsmirik" - deyə Orucov bildirib.

Xəbər lenti

Xəbər lenti