...

Müxalifət partiyalarının görüşünə "Azadlıq" bloku dəvət olunmayıb

Siyasət Materials 6 İyun 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) qərargahında bir sıra müxalifət partiyalarının iştirakı ilə çərşənbə axşamı keçirilən görüşə "Azadlıq" bloku dəvət olunmayıb. Bu barədə "Azadlıq" blokunun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev açıqlama verib.

Həmin görüşdə ASDP, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Açıq Cəmiyyət Partiyası (ACP), Azərbaycan Demokrat Partiyası (ADP), Müsavat, Tərəqqi partiyalarının rəhbərləri və Eldar Namazov iştirak edib.

Əliyevin sözlərinə görə, bu formatlı görüşlə bağlı "Azadlıq" blokuna müraciət edilməməsinin səbəbi blokun yeni yaradılacaq Alyansda təmsil olunmaq istəməməsi ilə bağlıdır: "Biz müxalifət partiyalarının yeni birliyinin, əməkdaşlıq formalarının yaradılmasını alqışlayırıq. Lakin bizim mövqeyimiz bundan ibarətdir ki, siyasi birlik kimi "Azadlıq" bloku mövcuddur və üç partiya burada təmsil olunur. Ona görə də bizim başqa bir qurumda təmsil olunmağımız məqsədəuyğun deyil. "Azadlıq" bloku çərçivəsində olan birlik bizi qane edir" - deyə Əliyev açıqlama verib.

Onun sözlərinə görə, adları çəkilən partiyaların iştirakı ilə Alyans yaradılacaqsa, "Azadlıq" bloku həmin quruma qoşulmayacaq. Amma blok gələcəkdə digər siyasi qurumlarla əməkdaşlıq qura bilər.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP, sədri Əli Kərimli), Liberal Partiyası (ALP, lideri Lalə Şövkət), Vətəndaş və İnkişaf Partiyası (VİP) təmsil olunur.

Xəbər lenti

Xəbər lenti