...

Azərbaycan hökuməti və Venesiya Komissiyası seçkidə səsvermə təcrübəsinə dəyişiklikləri razılaşdırıblar

Siyasət Materials 7 İyun 2007 19:36 (UTC +04:00)
Azərbaycan hökuməti və Venesiya Komissiyası seçkidə səsvermə təcrübəsinə dəyişiklikləri razılaşdırıblar

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan hökuməti və Avropa Şurasının Venesiya Komissiyası seçkidə səsvermə təcrübəsinə dəyişiklikləri razılaşdırıblar. Cümə axşamı Strasburqdan telefonla Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov məlumat verib ki, tərəflər səsvermə zamanı zərflərdən istifadə etməmək barədə qərara gəliblər.

Kuznetsovun sözlərinə görə, razılıq əldə olunub ki, seçkidə zərflərdən istifadə olunmasın, zərflər seçki prosesini çətinləşdirir. Sadəcə bülletenlər seçki qutusuna atılacaq.

Razılıq Azərbaycan rəhbərliyinin nümayəndələri ilə may ayının sonunda Strasburqda aparılan müzakirələr zamanı əldə olunub. Tərəflər seçki orqanlarının qərarlarından şikayət verilməsi prosedurunu, namizədlərin de-reqistrasiyası, seçki qabağı KİV-də kampaniyalarla bağlı məsələləri müzakirə ediblər. Kuznetsov bildirib ki, şikayət proseduru ilə bağlı müzakirələri davam etdirmək barədə qərar qəbul olunub.

O, yayın sonunda Bakıda keçiriələcək görüşdə seçki komissiyalarının tərkibi ilə bağlı məsələdə də irəliləyişlərin olacağına ümid etdiyini bildirib.

Strasburqda tərəflər razılığa gəliblər ki, Bakı görüşünə qədər Azərbaycan tərəfi öz təkliflərini hazırlayacaq.

Venesiya Komissyasının üzvü bildirib ki, seçki komissiyasının tərkibi seçki prosesinin bütün iştirakçılarının inamını qazanmalıdır. Azərbaycanda keçirilən son seçkilərdən sonra bir çoxları seçki komissiyalarının müstəqil olmadığı, təsir altında olduğu və buna görə də seçki prosesində iştirak edənlərin maraqlarını nəzərə ala bilmədiyi barədə fikir söyləyib. "Məsələ o cür həll olunmalıdır ki, seçkidə marağı olan bütün siyasi qüvvələr və cəmiyyət bilsin ki, seçkini keçirən orqan bunu qanunvericiliyə müvafiq olaraq edir", - deyə o söyləyib.

Mayın 30-da Strasburqda keçirilən görüşdə Azərbaycan tərəfdən Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov, Prezidentin İcra Aparatının şöbə müdiri Şahin Əliyev iştirak edib.

Xəbər lenti

Xəbər lenti