...

Rəsmi Tehran Rusiyanın Qəbələ RLS ilə bağlı təklifini araşdırır

Siyasət Materials 11 İyun 2007 12:10 (UTC +04:00)
Rəsmi Tehran Rusiyanın Qəbələ RLS ilə bağlı təklifini araşdırır

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İran İslam Respublikası Qəbələ RLS-dən ruslarla amerikalıların birgə istifadəsinə dair Rusiya prezidenti Vladimir Putinin təklifi ətrafında aparılan müzakirələri diqqətlə izləyir. Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Məhəmmədəli Hüseyni Tehranda keçirdiyi mətbuat konfransında məlumat verib.

Hüseyni qeyd edib ki, ABŞ-ın Avropada raket buferi yaratmaqda məqsədi bu qitədə və bölgədə hegomonluq etmək və nüfuz dairəsini genişləndirməkdir.

"Bəzi politoloqlar hesab edirlər ki, bu plan əsasən Çin və Rusiya raketlərini önləmək məqsədi daşıyır. Ruslar isə bunun qarşısını almaq üçün Azərbaycan, İraq və Türkiyəni ortaya atıblar və biz bu məsələni araşdırır və bu açıqlamaları ruslarla müzakirələrimiz çərçivəsində izləyirik" -deyə İran XİN-in sözçüsü əlavə edib.

Hüseyni vurğulayıb ki, bu kimi məsələlərin hansı səbəblərə görə gündəmə gəlməsini Rusiya ilə ikitərəfli danışıqlarda müzakirə edəcəklər.

Rusiya prezidenti Putin bir neçə gün əvvəl Qəbələ RLS-dən ruslar və amerikalıların birgə istifadə etmələrinə dair təkliflə çıxış edib. Rusiya ABŞ-ın Polşa və Rumıniyada raket əleyhinə sistem quraşdırmasının qarşısını almaq üçün belə bir təkliflə çıxış edib.

Qəbələ RLS SSRİ dövründə inşa olunub. Bu stansiya dünyadakı ən böyük müşahidə məntəqəsidir. Qəbələ RLS Avropa və Asiya qitəsinə, eləcə də Afrikanın böyük bir hissəsinə nəzarət edə bilir. Azərbaycanın mülkiyyətinə daxil olan RLS 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. Qəbələ RLS-ə görə Rusiya hər il Azərbaycana 14 milyon dollar ödəyir.

Xəbər lenti

Xəbər lenti