...

Ukrayna prezidenti GUAM ölkələri bazarlarının azad ticarət zonası rejiminə inteqrasiyasını vacib sayır

Siyasət Materials 14 İyun 2007 13:27 (UTC +04:00)

Ukrayna, Kiyev /xüsusi müxbir Trend E.Hüseynov/ Ukrayna prezidenti Viktor Yuşenko hesab edir ki, GUAM kimi beynəlxalq təşkilatlara oxşar regional təşəbbüslər Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova kimi postsovet müstəqil dövlətlərinin milli maraqlarının irəliləməsi baxımından çox önəmlidir.

GUAM-ın Bakı sammitinin vəzifəsi qurum üzvləri arasındakı əlaqələr üçün daha böyük perspektivi verə biləcək praqmatik məzmun formalaşdırmaqdır. Bunu Kiyevdə Trend in müxbirinə və digər Azərbaycan KİV nümayəndələrinə Ukrayna prezidenti Viktor Yuşenko deyib.

GUAM formatı (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 1997-ci ildə yaradılıb. GUAM beynəlxalq təşkilat statusunu 2006-cı ildə Ukraynada ilk sammitində alıb. Bakıdakı sammit qurumun sayca ikinci sammiti olacaq.

Trend in xüsusi müxbirinin Kiyevdən verdiyi məlumata görə, Bakı sammitində müzakirə olunacaq məsələlərdən danışan Yuşenko regional iqtisadi layihələri, xüsusən də enerji kompleksi ilə bağlı layihələri önə çəkib.

"Bu yaxınlarda Varşavada keçirilən Energetika sammitində həmkarlarımızla, o cümlədən Azərbaycan prezidenti ilə həm regionun, həm də ümumiyyətlə Avropa bazarının alternativ enerji təminatı imkanlarının genişləndirilməsini, modernləşdirilməsinini müzakirə etmişik. Konkret olaraq bizim üçün böyük əhəmiyyət kəsb edən Odessa-Brodı və oradan Avropa Birliyinədək, Avropanın şimali hissəsinədək istiqaməti əhatə edən layihədən danışmışıq. Bu, Azərbaycan nefti üçün yeni bazardır, Avropa üçün isə yeni layihədir. Avropa Birliyi bu layihəni dəstəkləyərək, onun texniki-iqtisadi əsaslandırılması üçün qrant ayırıb. Layihə üzrə beynəlxalq qrup yaradılıb. Həmin qrupa həm də Azərbaycanın enerji nazirlikləri və idarələrindən ekspertlər qoşuldular. Beləliklə, bu, bizim ən əlamətli layihələrimizdən biri ola bilər" - deyə prezident qeyd edib.

Yuşenko vacib iqtisadi layihələr kimi həm də bir sıra nəqliyyət layihələrini dəyərləndirib. Prezident bu baxımdan Bakıdan Gürcüstan və Türkiyəyə qədər olan dəmir yol xəttini önə çəkib. Bu layihədə həm də Ukrayna şirkətləri iştirak edəcək. Onlar müvafiq avadanlıq və materialların təminatı ilə məşğul olacaqlar.

Digər vacib nəqliyyat layihəsi - Kerç-Poti-Batumi bərə keçididir. "Bu gün artıq müvafiq dövlət idarələrindən ibarət ekspert qrupu fəaliyyət göstərir. Həmin qrup bu layihənin əsaslarını işləyib hazırlayır. Ümid edirik ki, gələn il rəsmi səviyyədə bu layihəni açıq elan edəcəyik" - deyə Ukrayna prezidenti vurğulayıb.

Yuşenko dörd ölkənin bazarının azad ticarət zonası rejiminə inteqrasiyasını da vacib sayır. "Belə qərar qəbul olunub və indi bu rejimin hər bir ölkə ilə adaptasiyası gedir. Yəni bu günədək imzalanan ikitərəfli sazişlər ekspert analizindən keçir və azad ticarət zonası rejiminə uyğun olmayanlar çıxarılır" - deyə o bildirib.

Ukrayna prezidenti GUAM çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı layihələri də əhəmiyyətli sayır. "Biz bu mövqedən çıxış edirik ki, BMT Təhlükəsizlik Şurası və ATƏT himayəsi altında münaqişə zonalarında, o cümlədən GUAM ölkələrinin ərazilərində sülhməramlı əməliyyatların reallaşdırılmasında iştirak edə biləcək sülhməramlı batalyonun yaradılması imkanlarını nəzərdən keçirmək maraqlı olardı. Məsələ ilə bağlı diskussiyalar getdikcə genişlənir və mənə elə gəlir ki, Bakı sammiti bizi bu məsələdə irəli aparacaq" - deyə o qeyd edib.

Ukraynanın Bakı sammitindəki mümkün təşəbbüslərinə gəldikdə isə Yuşenko aviatikintinin inkişafı ilə bağlı məsələləri önə çəkərək Antonov adına konstruktor bürosunun yeni işləri ilə bağlı bilgilərin veriləcəyini deyib. O hesab edir ki, birgə istismar rejimi ilə peyk yaradılması da çox önəmlidir. "Bundan əlavə, biz əməkdaşlığımızın digər istiqamətləri ilə bağlı siyasi koordinasiya aparmalıyıq və regionumuzdan kənar proseslərə birgə yanaşma nümayiş etdirməliyik, GUAM ölkələrinin Avropa və dünyadakı proseslərə dair vahid mövqeyini formalaşdırmalıyıq" - deyə o bildirib.

Ukrayna prezidenti həmçinin son iki ildə Azərbaycanla diplomatik, siyasi və işgüzar sahədəki əlaqələrlə bağlı böyük və müsbət irəliləyişləri xoş və məmnunedici kimi dəyərləndirib: "Bu gün deyə bilərik ki, bizi ayıra biləcək heç bir məsələ yoxdur. Bu, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinə, həm də dünyadakı proseslərə aiddir. Biz ölkələrimiz arasındakı strateji əlaqələrə uyğun gələn bu münasibətlər rejiminə çox hörmət edirik".

Xəbər lenti

Xəbər lenti