...

Məhkəmə politoloq Zərdüşt Əlizadənin şikayətini təmin etməyib

Siyasət Materials 21 İyun 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cümə axşamı Ali Məhkəmədə Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Həzi Aslanovun politoloq Zərdüşt Əlizadə və "Azadlıq" qəzetinə qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinə dair iddiası ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Bu barədə Zərdüşt Əlizadənin vəkili Rəşid Hacılı məlumat verib.

"Azadlıq" qəzetinin 29 iyun 2006-cı il tarixli sayında dərc olunan "Mirzə Sakitə çox çirkin oyunlar qurulub" sərlövhəli yazı Həzi Aslanovun narazılığına səbəb olub. Aslanov bu yazıda onun və çalışdığı idarənin işgüzar nüfuzunu, şərəf və ləyaqətinin aşağıladığını iddia edərək Səbayel Rayon Məhkəməsində Zərdüşt Əlizadə və "Azadlıq" qəzetinə qarşı iddia qaldırmışdı. O, dəymiş mənəvi ziyanın qarşılığında cavabdehlərin hər birindən 50.000 yeni manat alınmasını və qəzetdə təkzib verilməsini tələb edib. Səbayel rayon məhkəməsi 9 avqust 2006-cı ildə iddianı qismən təmin edərək "Azadlıq" qəzeti və Zərdüşt Əlizadənin hər birindən 5.000 yeni manat tutularaq Ümid Yeri xeyriyyə cəmiyyətinin hesabına köçürülməsilə bağlı qətnamə çıxarmışdı. Apellyasiya Məhkəməsi ödəncin məbləğini 1000 AZN-ə endirmişdi.

Aşağı məhkəmə instansiyalarının qərarları ilə razılaşmayan Əlizadə isə kassasiya şikayəti verərək Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddianın tamamilə rədd olunmasını tələb edib.

Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında hakim Günəş Xudaverdiyevanın sədrliyi ilə bu gün keçirilən iclasda Əlizadənin şikayəti rədd olunub, Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti