Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili işlər orqanlarına gələn il üçün ayrılan vəsait artırılacaq. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Maliyyə İdarəsinin sədri polis polkovniki İlham Salmanlı məlumat verib. Onun sözlərinə görə, DİN-ə bu ilin büdcəsindən 141 mln. manat ayrılıb. Ayrılan vəsait hesabına DİN orqanları üçün bir neçə inzibati bina tikilib. Əmək haqlarının verilməsi həyata keçirilib. Salmanlı bildirib ki, bu il polis əməkdaşlarının vəzifə maaşları artırılsa, bunun üçün dövlət büdcəsindən ayrıca vəsait ayrılacaq.
"DİN orqanlarının idarə rəisinin vəzifə maaşı 292 manatdır. Digər təminatlarla birgə isə idarə rəisləri 700 manat məvacib alır. Sıravi polislərin isə yol polisləri çıxmaq şərtilə, məvacibləri 130-150 manatdır. Nazirin maaşı isə digər nazirlərin maaşları ilə eynidir. Bu maaş Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilib" - deyə Salmanlı əlavə edib.