Rusiya, Moskva /müx. Trend R.Ağayev/ İyulun 18-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) binasında Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün qəbul imtahanları keçirilib.
İkitərəfli razılaşmaya əsasən, Rusiya Təhsil Nazirliyi Azərbaycandan olan abituriyentlər üçün öz təhsil ocaqlarına kvotalar ayırır. Öz növbəsində Azərbaycan Təhsil Nazirliyi milliyyətindən asılı olmayaraq Rusiyada bu və ya digər səbəblərə görə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları üçün bu yerlərin bir hissəsini ayırır.
Bu il ilk dəfə qəbul imtahanlarını ÜAK Heydər Əliyev Fondunun Rusiyadakı filialı ilə birgə keçirib. İmtahandan öncə rəsmi mərasim keçirilib. Burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, UAK-ın təhsil komitəsinin sədri Tofiq Məlikli, onun müavini Xumar Əliyeva, ÜAK-ın icraçı direktoru Eldar Quliyev, habelə abituriyentlərin valideynləri iştirak ediblər.
Öz çıxışında Leyla Əliyeva abituriyentlərə uğurlar diləyib və ümidvar olduğunu bildirib ki, onlar imtahanları müvəffəqiyyətlə verəcəklər.
"Ümid edirəm ki, Rusiyada yaşayan və təhsil alan gənclər ən yaxşı şeyləri mənimsəyəcək və Azərbaycanı layiqli şəkildə təmsil edəcəklər" - deyə o vurğulayıb.
Leyla Əliyeva bildirib ki, Heydər Əliyev Fondu təhsilin inkişafına böyük diqqət yetirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 190-dan çox məktəb tikilib və təmir olunub. Fond həmçinin bütün dünyada məktəblər tikir və onlara yardım edir - Pakistan, Rusiya, Türkiyə, Rumıniya. "İndi Heydər Əliyev Fondunun nümayəndəliyi Rusiyada da fəaliyyət göstərir və biz çox işlər görəcəyik, bütün sahələrdə böyük nailiyyətlər əldə edəcəyik" - deyə Leyla Əliyeva qeyd edib.
Öz növbəsində ÜAK-ın təhsil komitəsinin sədri Məlikli, müavini X.Əliyeva və UAK-ın icraçı direktoru Quliyev Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbərinə, Azərbaycan və Rusiya hökumətlərinə imtahanların təşkili üçün minnətdarlıqlarını bildiriblər.
Rəsmi hissədən sonra Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva test zərfini açıb.
Bu il Rusiyanın müxtəlif regionlarından 26 abituriyent imtahan verib. Onların bəziləri orta məktəbi qızıl və gümüş medallarla bitiriblər. Son illər Rusiyada bu sistem üzrə artıq 30-dan çox azərbaycanlı tələbə təhsil alır.
Sonra Leyla Əliyeva ÜAK-ın təhsil komitəsinin üzvləri ilə görüş keçirib. Onlar strukturun fəaliyyəti, habelə çalışdıqları sahədə əldə olunan uğurlar barədə danışıblar. Təhsil ÜAK-ın fəaliyyətində əsas və prioritet istiqamət sayılır.