Azərbaycan, Bərdə / Trend müxbir İ.Əlizadə / Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı bu il baş tutmaya bilər. Bu barədə cümə günü Bakıda AXCP sədrinin müavini Fuad Mustafayev məlumat verib.
Mustafayev qeyd edib ki, AXCP-nin Azərbaycanın bütün rayonlarında yerli strukturları var və rayon və şəhər təşkilatlarında qurultaya hazırlıq konfransları keçirilməlidir: "Bundan əvvəl isə yerlərdəki dayaq dəstələri rayon və şəhər təşkilatlarının konfransına hazırlıq yığıncaqları keçirməlidirlər və nümayəndələr seçilməlidir. Artıq rayon və şəhər təşkilatları konfrans keçirməyə hazırdırlar. Təşkilat Komitəsinin qəbul etdiyi qərara uyğun olaraq qurultaya hazırlıq davam edir".
Onun sözlərinə görə, AXCP-nin yerli strukturlarının toplantı keçirməsinə maneə yaradılır. Əgər bu maneələr olmasa rayon və şəhər təşkilatları bir neçə ay ərzində öz konfranslarını keçirəcəklər və qurultaya nümayəndələr seçiləcək. Qəbul olunan qərara görə, bundan sonra qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi qurultayın vaxtını müəyyənləşdirəcək: "Payız aylarında konfransları yekunlaşdıra bilsək, ilin sonunda partiyanın qurultayanı keçirəcəyik. Amma konfransların baş tutmasına imkan verilməsə, qurultay 2008-ci ilə də keçə bilər. Baxmayaraq ki, biz bunu istəmirik. Amma qurultayın 2008-ci ilə keçiriləcəyi dəqiq deyil. Bununla bağlı qərar qəbul olunmayıb".
Onun fikrincə, AXCP-nin qurultayı ciddi siyasi proses olacaq. Çünki qurultaya ciddi hazırlıq görülür. AXCP qurultay nümayəndələrini yenidən seçir və onlar arasında yeni simaların olmasına üstünlük verilir.
Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.