...

İranlı politoloq: "Ən qorxunc ssenari Mesbah Yəzdinin İran Ali Dini Məclisinin sədrliyinə seçilməsidir"

Siyasət Materials 13 Avqust 2007 15:46 (UTC +04:00)
İranlı politoloq: "Ən qorxunc ssenari Mesbah Yəzdinin İran Ali Dini Məclisinin sədrliyinə seçilməsidir"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İran Ali Dini Məclisinin sədri Ayətullah Meşkininin ölümündən sonra kimin bu şuraya sədr seçilməsi barədə müxtəlif mübahisələr ortaya çıxıb. " Ən qorxunc ssenari Mesbah Yəzdinin İran Ali Dini Məclisinin sədrliyinə seçilməsidir" - deyə Londonda fəaliyyət göstərən iranlı politoloq Əlirza Nurizadə bildirib.

İran Ali Dini Məclisinin (ADM) sədri 86 yasli Ayətullah Meşkininin ölümündən sonra sədrliyə kimin seçilməsi barədə müxtəlif proqnozlar var. İran siyasətində ən çox əhəmiyyət daşıyan dini rəhbəri seçib və onun işlərinə nəzarət etmək bu məclisin müxtəlif vəzifələrindən biridir. ADM-nin sədr müavini islahatçı Əkbər Rəfsəncani, ədliyyə naziri Haşimi Şahrudi, yaxud məzhəbi ifratçı qüvvələrin nümayəndəsi Misbah Yəzdinin sədr olmağı böyük müzakirələrə səbəb olub.

Londondan iranlı politoloq Nurizadə bazar ertəsi Trend ə telefonla bildirib ki, ADM Əli Xameneyinin dini rəhbər olduğu zamandan bəri vəli-fəqihə və onunla əlaqədar təşkilatlara nəzarət etmək əvəzinə, səmərəsiz işlərlə məşğuldur. O əlavə edib: "Hazırda 86 üzvdən təşkil olunmuş ADM-də iştirak edən nümayəndələrin sayı 40 nəfərə çatmır. Ayətullah Xomeyni zamanında çox aktiv bir təşkilat kimi fəaliyyət göstərən, ondan sonra Xameneyini rəhbər seçən ADM hazırda vəli-fəqihin əlində oyuncağa çevrilib".

"Dini rəhbər Milli Məclisin Nəzarət-təftiş komissiyasinin nümayəndələrini şəxsən özü təsdiq edir, onlar isə ADM-nin üzvlərini seçirlər. Beləliklə, ADM-nin sabiq sədri Ayətullah Meşkinin olub-olmaması təsirsiz idi" - deyə bildirib.

Nurizadə əlavə edib: "Bir tərəfdən isə ADM-nin sədr müavini Rənsəncani əgər məsləhət-nizam orqanının sədrliyi ilə yanaşı ADM-nin rəhbərliyinə də yiyələnsə, bu məclisin yenidən fəallaşması gözlənilir. Belə ki, Rəfsəncani dini rəhbərliyin məhdudlaşdırılması və onun əlində olan fərdi qüdrətin bir şuraya tapşırılmasının tərəfdarıdır". "Əgər planlaşdırılmış şəkildə Haşimi Şahrudi, ya Əbbas Vaez Təbəsi ADM-nin sədri seçilsələr, bu şura yenə də siyasi baxımdan heç bir əhəmiyyət kəsb etməyəcək. Ən qorxunc ssenari Məhəmmədtağı Mesbah Yəzdinin ADM-nin sədrliyinə seçilməsidir. Beləliklə, məncə İran ikinci Taliban olacaq" - deyə iranlı politoloq bildirib.

İranlı politoloq Əhməd Zeydabadi iyulun 30-da "BBC"yə bildirib ki, ADM-nin sədr müavini Əkbər Rəfsəncaninin şuraya sədr seçilməsi ehtimalı çox olsa da, məzhəbi ifratçı qüvvələrin sədri Mesbah Yəzdi və prezident Əhmədinejad onun seçilməsinə ciddi qarşı dururlar. O əlavə edib ki, çox ehtimal var ki, dini rəhbər Xamenei Rəfsəncaniyə ADM-nin seçkilərinə qatılmamağı təklif edəcək.

Xəbər lenti

Xəbər lenti