...

Müxalifət partiyasının həmsədri: "Müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi mümkün deyil"

Siyasət Materials 14 Avqust 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycan müxalifətinin 2008-ci ildə keçiriləcək prezident seçkilərinə vahid namizədlə qatılması real deyil. Bu barədə çərşənbə axşamı Bakıda məlumat verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib ki, vahid namizəd məsələsi qəsdən ortaya atılmış və həyata keçirilməsi mümkün olmayan bir məsələdir.

"Vahid namizəd məsələsini insanları ruhdan salmaq və mübarizədən kənarda qoymaq üçün ortaya atıblar. Bu mövzu ətrafında aparılan müzakirələrlə insanlarda belə bir təsəvvür yaradırlar ki, müxalifətin qələbəsi vahid namizədin müəyyənləşdirilməsindən asılıdır. Bu baş tutmayanda isə insanlar ruhdan düşür və özlərini mübarizədən kənarda saxlayırlar", -deyə Əlizadə əlavə edib.

Hazırda müxalifət düşərgəsində 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Analoji müzakirələr əvvəllər də aparılsa da heç bir müsbət nəticə verməyib. Müşahidəçilər isə hesab edirlər ki, müxalifətin prezident seçkilərində uğur qazanmasının yeganə yolu vahid namizədlə seçkilərə qatılmaqdır. Lakin müxalifət liderləri bir-birinə güzət etmədikləri üçün vahid namizədi müəyyənləşdirmək mümkün olmur.

Əlizadə bildirib ki, rəhbərlik etdiyi partiyanın ideologiyası solçuluqdur və sağ mərkəzçi partiyaların namizədini dəstəkləyə bilməzlər: "Azərbaycanda ASDP-dən başqa solçu partiya yoxdur. Ona görə də solçuların vahid namizəd müəyyənləşdirməsi mümkün deyil".

ASDP 1990-cı ildə yaradılıb. Partiyanın həmsədrlərindən biri, keçmiş prezident Ayaz Mütəllibov hazırda Rusiya paytaxtında mühacirətdədir.

Xəbər lenti

Xəbər lenti