...

Hərbi ekspert: "Azərbaycan Ordusunda rüşvətin və "tapşırıq" faktının yer alması xoşagəlməz hadisələrə səbəb olur"

Siyasət Materials 15 Avqust 2007 13:22 (UTC +04:00)
Hərbi ekspert: "Azərbaycan Ordusunda rüşvətin və "tapşırıq" faktının yer alması xoşagəlməz hadisələrə səbəb olur"

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Orduda rüşvət və "tapşırıq" faktının yer alması Azərbaycan Ordusunda xoşagəlməz hadisələrə səbəb olur. Bu fikirləri hərbi ekspert Ələkbər Məmmədov son vaxtlar hərbi hissələrə məxsus avtomobillərin qəzaya uğraması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Son bir ayda orduda üç avtomobil qəzası baş verib. Gəncədəki hərbi hissədə əsgərləri daşıyan hərbi maşının aşması nəticəsində 26 əsgər yüngül xəsarət, ikisi isə kəllə-beyin travması alıb.

Gədəbəydə əsgərləri daşıyan hərbi avtomobilin aşması nəticəsində bir əsgər həlak olub, dörd nəfər isə xəsarət alıb. Sonuncu hadisə isə dünən Lənkəranda baş verib. Nəticədə bir nəfər həlak olub, 8 nəfər yaralanıb.

Ekspert ordudakı bu halları digər bir neçə səbəblə də əlaqələndirir. Məmmədovun fikrincə, sürücülük vəsiqəsini lazımi təhsili almadan əldə edən çağırışçılar hərbi hissələrdə sürücü kimi işə götürülür.

Ordu qaydalarına əsasən, əsgər sürücü kimi işə qəbul olunmazdan əvvəl hərbi hissədə 3-6 ay ərizndə əlavə kurs keçməli, hərbi maşın sürmək təcrübəsinə yiyələnməlidir. Əsgər hərbi hissənin ərazisindən kənarda avtomobili idarə edərkən yanında ona nəzarət edən zabit olmalıdır.

Ekspert bildirir ki, hazırda bu qaydalara əməl olunmur. İndiyədək belə hadisələrə görə hərbi hissə rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə baş verən hər bir faktın mətbuatda şişirdildiyini hesab edir. Sabiroğlunun sözlərinə görə, hadisələr həm sürücünün ehtiyatsızlığı, həm təcrübəsizliyi səbəbindən, həm də gözlənilmədən olur.

Xəbər lenti

Xəbər lenti