Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən "Azadlıq" bloku payız mövsümündə Azərbaycanda siyasi situasiyanın dəyişməsi üçün fəal mübarizəyə başlayacaq. Bu barədə çərşənbə günü Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.
Blok sentyabrdan başlayaraq müxtəlif formalı tədbirlər keçirməyi planlaşdırır. Qurum bununla ölkədə insan haqlarının, mətbuat azadlığının durumunu müsbət istiqamətə dəyişdirmək, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə nail olmaq məqsədi güdür.
Əliyevin sözlərinə görə, blok rəhbərliyi sentyabrdan həm də zona müşavirələrinə başlayacaq. Azərbaycanın bölgələrində blokun yerli funksionerləri ilə görüşlər keçirəcəklər.
Bakıda isə demokratiya və insan haqları, mətbuat azadlığı, demokratik seçki mühitinin yaradılması kimi mövzulara həsr olunan dəyirmi masalar, konfranslar təşkil olunacaq.
"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur. Blok bu partiyaların əməkdaşlıq qurumudur.