...

Iranlı politoloq: "İranın Sipah-Pasdaran adlı hərbi qüvvəsinin siyasi oyunlara qatılması ABŞ üçün İrana hücum etməyə bəhanə yaradır"

Siyasət Materials 23 Avqust 2007 14:00 (UTC +04:00)
Iranlı politoloq: "İranın Sipah-Pasdaran adlı hərbi qüvvəsinin siyasi oyunlara qatılması ABŞ üçün İrana hücum etməyə bəhanə yaradır"

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ Son zamanlar ABŞ hakimiyyəti İranın əsas hərbi qüvvəsini təşkil edən "Sipah Pasdaran"ı terrorist şəbəkələr siyahısına salmaq niyyətindədir. Bəzi siyasi ekspertlərin fikrincə, bu məsələ ABŞ-a İrana hücüm etmək üçün yetərincə haqq qazandırmaq məqsədi daşıyır. "Sipah-Pasdaran hərbi qüvvəsinin siyasi oyunlara qatılması ABŞ-in əlinə İrana hücum etmək üçün bəhanə verir"- deyə İranda fəaliyyət göstərən politoloq İsa Səhərxiz bildirib.

ABŞ Dövlət Departamentnin internet saytında İranın Sipah-Pasdaran adlı hərbi qüvvəsi, xüsusilə onun şöbələrindən olan Sipah-Qüds İraq və bəzi ölkələrdə təxribat törətməkdə suçlandırılır. ABŞ son zamanlar bu hərbi qüvvəni terroristlər şəbəkəsinin siyahısına salmağa cəhd göstərir.

İranlı politoloq Səhərxiz cüma axşamı Tehrandan telefonla Trend ə bildirib ki, ABŞ-dakı radikal qüvvələr növbəti prezident seçkilərini nəzərə alaraq rəsmi Tehranı İraq və Əfqanıstanda uğursuz müharibənin səbəbkarı kimi tanıtdırmaqla İranı bu ölkələrdə təxribatla məşğul olmaqda günahlandırırlar. "Bu ittihamların hamısı bizim nəzərimizcə əsassızdır" - deyə iranlı politoloq bildirib. Daha sonra o əlavə edib: "ABŞ İraq və Əfqanistanda uğursuzluğunu başqa qüvvələrin, xüsusilə İranın adına yazmaq istəyir. Biz bu böhranlı dövrdə uzaqgörənliklə reallığı nəzərə alıb, Sipah-Pasdaranın siyasi fəaliyyətini məhdudlaşdırmalıyıq. Əksi-təqdirdə ABŞ-in İranın siyasi-iqtisadi baxımdan strateji mövqelərinə hücum etmək təhlükəsi istisna olunmur".

"İranda bəzi siyasi qüvvələr Sipah-Pasdaranı siyasiləşdirərək öz məqsədlərinə nail olmaq üçün bu hərbi qüvvədən istifadə edir"- deyə politoloq vurğulayıb.

Politoloq bildirib ki, Sipah-Pasdaran İran İnqilabının rəhbəri İmam Xomeyninin fərmanı ilə yalnız ölkə sərhədlərini və inqilabı qorumaq üçün yaradılıb. Onun sözlərinə görə, İmam Xomeyni vəsiyyətnaməsində bu hərbi qüvvənin heç zaman siyasətə qarışmamasını tələb edib.

"İranda islahatçı siyasi qüvvələr Sipah-Pasdaranın siyasətə qarışmasını İmam Xomeyninin və inqilabın prinsiplərinin aşkarca ayaq altında qalması kimi dəyərləndirir"- deyə Səhərxiz son olaraq vurğulayıb.

Amerika BMT Təhlükəsizlik Şurasından xahiş edib ki, İrana qarşı tətbiq olunacaq 3-cü qətnamədə İranın nüvə proqramının inkişafında əsas rol oynayan Sipah-Pasdaran sədrlərinin xarici bank hesablarını dondursun.

Xəbər lenti

Xəbər lenti