Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) çərşənbə axşamı Nazirlər Kabineti qarşısında keçirməyi planlaşdırdığı piketi təxirə salıb. Bu barədə bazar ertəsi AMİP-dən məlumat verilib.
Partiya ölkədə qiymət artımına, Tarif Şurasının qərarlarına etiraz olaraq Nazirlər Kabinetinin qarşısında piket keçirməyi planlaşdırırdı. Bakı Şəhər İcra Hakimiyyəti həmin aksiyanın təşkilinə icazə verməyib.
Partiya sədrinin mətbuat məsələləri üzrə müavini Əli Orucov bildirib ki, razılaşdırılmamış aksiya zamanı polislə qarşıdurma yaranmaması üçün piketin təxirə salınmasını məqsədəuyğun hesab ediblər.
O, əlavə edib ki, etiraz aksiyasını gündəmdə saxlayacaqlar və piketin baş tutması üçün yaxın günlərdə növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.